Təmsilçimiz 200 iştirakçı arasında 30-cu oldu

Təmsilçimiz 200 iştirakçı arasında 30-cu oldu


Belçikanın Sint-Niklas şəhərində sablya üzrə qadınlar arasında dünya kubokunun mərhələ yarışına yekun vurulub. Yarışda sablyaçılarımız şəxsi və komanda yarışında qüvvəsini sınayıblar. Qılıncoynadanlarımızdan Səbinə Kərimova qrup mərhələsində keçirdiyi altı görüşdən beşində qələbə qazanıb. S.Kərimova pley-off mərhələsində də qələbələri sıralayıb. İlk görüşündə Yaponiya təmsilçisi Ayaka Mukaeni 15:12 hesabı ilə məğlub edən Səbinə, ardınca Çin sablyaçısı Yiqi Guo üzərində 15:11 hesabı ilə qələbə qazanıb. Sablyaçımız 1/32 finalda italiyalı Miçela Battistona 15:13 hesabı ilə qalib gəlib. Səbinə Kərimova onaltıdabir finalda dünya reytinqində 13-cü olan çinli Yaqi Şao ilə qarşılaşıb. Görüş Çin idmançısının 15:9 hesablı qələbəsi ilə başa çatıb. Səbinə Kərimova yekun sıralamada 200-ə yaxın qadın sablyaçının yarışdığı turnirdə 30-cu sırada qərarlaşıb. Digər sablyaçılarımızdan Sevil Bünyatova qrup mərhələsində keçirdiyi altı görüşdən beşində qalib gəlsə də, pley-offda keçirdiyi ilk görüşdə Gürcüstan idmançısı Lika Jijieşviliyə 8:15 hesabı ilə uduzub. İlkin mərhələdə keçirdiyi altı görüşdən birində qələbə qazanan Sevinc Bünyatova və qrupu qələbəsiz başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb. Sablyaçılarımız turnirin sonuncu yarış günündə komanda yarışında qüvvəsini sınayıb. Sablyaçılarımız onaltıdabir finalda Böyük Britaniya komandasına 37:45 hesabı ilə uduzub.