Badmintonçumuz Minsk-2019-a lisenziya qazanıb

Badmintonçumuz Minsk-2019-a lisenziya qazanıb

Badmintonçumuz Ezmi Qovimuramadhoni iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb. 2018-ci ilin fevralından etibarən Dünya Badminton Federasiyası və Avropa Badminton Konfederasiyasının bayrağı altında keçirilən müxtəlif seriyalı turnirlərdə ölkəmizin idman şərəfini qorumağa başlayan Ezmi Qovimuramadhoni Dünya Badminton Federasiyasının açıqladığı son reytinq siyahısına əsasən bu nailiyyəti əldə edib. Minsk-2019-da badminton yarışları iyunun 24-dən 30-dək "Falcon club” arenasında keçiriləcək. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, ilk dəfə 2015-ci ildə Azərbaycanda keçirilmiş Avropa Oyunlarında badminton idman növündə ölkəmizi kişilərin şəxsi yarışında Kənan Rzayev, qoşa yarışda isə Kənan Rzayev - Orxan Qələndərov tandemi təmsil edib.
Hazırda məşqçi kimi çalışan milli komandamızın sabiq üzvləri təşkilatçı ölkənin təmsilçiləri qismində iki kateqoriya üzrə yarışmaq hüququ qazanıblar.