Türkiyəni təmsil edən azərbaycanlı idmançı, atletika üzrə dünya və Avropa çempionu Ramil Quliyev gələcək planları barədə «Anadolu Ajansı"na məlumat verib. Həmyerlimiz müsahibəsində bildirib ki, onun əsas hədəfi Olimpiya çempionu olmaqdır.
"Hədəfim Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır. Buna inanıram və bunu bacarmağı çox istəyirəm. Dünya və Avropa çempionluqlarından sonra Olimpiya çempionu olaraq üçlüyü tamamlamaq istəyirəm. Düşünürəm ki, buna hazıram. Rəqiblərimdən bir az öndə olduğumu düşünürəm. Dünya çempionatında daha rahat yarışacağam. Qızıl medala rəqiblərimdən bir az daha yaxınam. Yenidən çempion olmaq üçün çalışıram", - deyə Ramil Quliyev bildirib. O, qeyd edib ki, zədələnməsə, daha 8 il karyerasını davam etdirə biləcək.
"Düşünürəm ki, Tokio-2020 son Olimpiadam olmayacaq. Karyeramı davam etdirəcəyəm. 2020-ci ildən sonra bir Olimpiada da görəcəyimə inanıram. Ciddi bir zədəm olmasa, ən azı 8 il yarışlarda olacağımı düşünürəm".
Ramil Quliyev idmançı karyerasını bitirdikdən sonra məktəblilərin təhsil və idman həyatlarını bir yerdə davam edə biləcəyi mərkəz yaratmaq istədiyini bildirib:
"Azərbaycanın paytaxtı Bakıda Respublika Olimpiya İdman Liseyində oxumuşam. Burada bütün idman növləri var idi. Həm idman, həm də təhsil bir yerdə idi. İdmanla təhsilin bir yerdə olmağı çox vacibdir. Belə olduqda idmançılar istedadlarını göstərərək, uğura nail ola bilərlər. Türkiyədə belə bir idman mərkəzi açmağı düşünürəm ".