Avropa çempionatında yüksək nəticə

Avropa çempionatında yüksək nəticə


Çernoqoriyanın Bar şəhərində yeniyetmə güləşçilər arasında keçirilən Avropa çempionatı başa çatıb. Yarışın sonuncu günündə döşək üzərinə yunan-Roma güləşi üzrə 46 kq, 54 kq, 63 kq, 76 kq və 100 kq çəki dərəcələrində pəhləvanlar çıxıblar.
54 kq çəki dərəcəsi üzrə yarışan yunan-Roma güləşçilərinin mübarizəsində Niyazi Məmmədov Xorvatiya və İtaliyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Lakin təmsilçimiz bu mərhələdə uğurlu çıxışını davam etdirə bilməyib. Bununla belə, o, bürünc medal uğrunda müba-rizə aparmaq şanslarını qoruyub. Güləşçimiz həlledici görüşdə rusiyalı rəqibini məğlub edərək turniri üçüncü pillədə başa vurub.
Yarışa 1/8 final mərhələsindən başlayan Sənan Əlimirzəyev (63 kq) bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Həlledici mərhələdə Ukrayna idmançısını məğlub edən Sənan Əlimirzəyev Avropa çempionu adını qazanıb.
76 kq çəki dərəcəsində yarışan İslam Abbasov da finaladək maneəsiz irəliləyib. Lakin pəhləvanımız final qarşılaşmasında almaniyalı rəqibinə məğlub olaraq turniri gümüş medalla başa vurub.
Beləliklə, Avropa çempionatında mübarizə aparan yunan-Roma güləşçilərimiz ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq komanda hesabında ikinci yerə layiq görülüblər. Birinci yeri Rusiya, üçüncü yeri isə Ermənistan yığması tutub.