Qılıncoynadanlarımız Avropa çempionatından qayıdıblar

Qılıncoynadanlarımız Avropa çempionatından qayıdıblar

İyunun 16-dan 20-dək Xorvatiyanın paytaxtı Zaqreb şəhərində qılıncoynatma üzrə Avropa çempionatı keçirilib.
Yarışda Azərbaycanı sablya yarışlarında "Neftçi” İdman Sağlamlıq Mərkəzinin üzvləri Sabina Mikina, Aidə Ələsgərova, Sevil Bünyatova və Sevinc Bünyatova təmsil ediblər. İdmançılarımızdan Sabina Mikina şəxsi yarışlarda 47 idmançı arasında 19-cu olub.
Komanda yarışlarında idmançılarımız 8-liyə yüksəlmək üçün Belarus komandasına 45:44 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıblar. Lakin həmyerlilərimiz bu mərhələdə Olimpiya çempionu Ukrayna komandasına uduzublar (39:45). 3-cü görüşü Macarıstan komandasına qarşı keçirən təmsilçilərimiz 45:41 hesabı ilə qalib gəliblər. 5-6-cı yerlər uğrunda qarşılaşmada Fransa komandasına 38:45 hesabı ilə məğlub olan qızlarımız 6-cı yeri tutublar. Avropa çempionatında hakimlər arasında həmyerlimiz Fikrət Vəliyev də olub. Məlumat üçün qeyd edək ki, komandamız ardıcıl 2-ci ilidir ki, Avropa Çempionatında 6-cı yerə çıxır.
Qeyd edək ki, iyunun 20-23-də şpaqa üzrə yığma komandamız Gürcüstanın Kutaisi şəhərində keçirilən turnirdə iştirak edib.
Şəxsi yarışlarda Kənan Əliyev I, Vəkil Nəsibov III yerə çıxıb. Qızlar arasında isə Samirə Hüseynova I yerə layiq görülüb. Kutaisidə komanda yarışlarında yığmamız birinci olub.