Bədii gimnastika üzrə Dünya kuboku yarışları başa çatıb

Bədii gimnastika üzrə Dünya kuboku yarışları başa çatıb


Aprelin 26-27-də Bakıda bədii gimnastika üzrə Dünya kuboku yarışları keçirilib. Yarışda 39 ölkədən ümumilikdə, 200-dən çox gimnast mübarizə aparıb. Üç gün davam edən turnirdə medallar ugrunda 25 qrup komandası və 70-dən çox fərdi gimnast yarışıb.
Azərbaycanı Dünya kuboku yarışlarında fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri proqramında isə Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil ediblər.
Aprelin 26-da bədii gimnastika üzrə Dünya kuboku yarışlarının açılış mərasimi keçirilib. Əvvəlcə arenaya iştirak edən ölkələrin bayraqları gətirilib. Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edib. Nazir müavini bildirib ki, respublikamızda digər sahələrlə yanaşı, idmanın inkişafına da diqqət və qayğı göstərilir. O deyib: "Azərbaycan idmanı sürətlə inkişaf edir, atletlərimiz ən nüfuzlu yarışlarda uğurla mübarizə aparır, ölkəmiz mötəbər turnirlərə peşəkarlıqla ev sahibliyi edir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycan dünyada qabaqcıl idman dövlətlərindən birinə çevrilib.
İsmayıl İsmayılov deyib ki, son illər müxtəlif səviyyəli beynəlxalq yarışların ölkəmizdə keçirilməsi və idmançılarımızın ən mötəbər yarışlarda əldə etdikləri böyük uğurlar bunun əyani sübutudur.
Azərbaycanın birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çoxşaxəli fəaliyyətində gimnastikanın da mühüm yer tutduğunu vurğulayan nazir müavini bildirib: "Mehriban xanım Əliyevanın 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə bu sahədə dinamik inkişafın əsası qoyulub. Məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində ölkəmizdə gimnastika yeni inkişaf mərhələsinə qədəm qoyub. Son 16 ildə Bakı bir çox beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edib. Ölkəmizdə gimnastikanın bütün növləri üzrə beynəlxalq yarışların keçirilməsi artıq ənənəyə çevrilib. Azərbaycanda gimnastika növlərinin, o cümlədən bədii gimnastikanın inkişafına böyük təkan verilib və gimnastika həvəskarlarının sayı ildən-ilə artır. Bu yolun davamı olaraq növbəti dəfə təşkil olunan dünya kubokunda da tamaşaçılar tanınmış bədii gimnastların təqdimatında zərifliyi və əzmkarlığı təcəssüm etdirən maraqlı idman mübarizəsinin şahidi olacaqlar”.
Dünya kubokunun gərgin və maraqlı idman mübarizə şəraitində keçəcəyinə əminliyini bildirən İsmayıl İsmayılov ölkəmizdə idmanın inkişafına göstərdikləri davamlı diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib.
Turnirin birinci və ikinci günündə fərdi gimnastlar çoxnövçülük üzrə halqa, top, lent və gürzlərlə, qrup komandaları isə beş top, 3 halqa və 2 cüt gürzlərlə hərəkətlərdə mübarizə aparıblar.
Rusiyalı əkiz bacılar Dina və Arina Averina halqa, top, gürzlər və lentlə hərəkətlərin yekunlarına əsasən fəxri kürsüdə yer alıblar. Dina 85.600 xalla qızıl, Arina isə 79.850 xalla gümüş medal qazanıb. Turnirdə üçüncü yeri ukraynalı Vlada Nikolçenko (78.900 xal) tutub.
Azərbaycan Gimnastika Federasiyasının ən çox icra xalına görə təsis etdiyi "AGF Trophy” mükafatını da Dina Averina alıb. Rusiyalı gimnast həm də dörd dünya kuboku yarışlarının üçündə ən yaxşı nəticə göstərdiyinə görə FIG kubokuna da sahib olub. Kuboku Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin prezidenti Nataliya Kuzmina təqdim edib.
Təəssüf ki, Azərbaycanı Dünya kuboku yarışlarında təmsil edən gimnastlarımız gimnastika azarkeşlərini sevindirə bilməyiblər. Belə ki, Zöhrə Ağamirova 73,350 xalla 13-cü, Veronika Qudis isə 66,400 xalla 30-cu yerlə kifayətlənib.
Fərdi gimnastlardan sonra qrup hərəkətləri komandaları arasında çoxnövçülük yarışlarının ən güclüləri müəyyənləşib. Beş top, üç halqa və iki cüt gürzlə yarışların ümumi nəticəsinə görə Yaponiya millisi 49.250 xalla qızıl, Rusiya yığması 48.950 xalla gümüş, Bolqarıstan təmsilçiləri 48.850 xalla bürünc medal qazanıb. Azərbaycan komandası isə 33.100 xalla 19-cu pillədə qərarlaşıb.
Son yarış günündə həm fərdi, həm də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlər üzrə finallar keçirilib. Halqa ilə hərəkətlərdə rusiyalı gimnast Dina Averina (22.000 xal) qızıl medal qazanıb. İsrailli Linoy Aşram (21.850 xal) gümüş, ABŞ təmsilçisi Laura Zenq (20.350 xal) bürünc medala sahib olublar. Zöhrə Ağamirova isə halqa ilə hərəkətlərdə 16.850 xal toplayaraq 8-ci yeri tutub.
Topla hərəkətlərdə Linoy Aşram rəqiblərindən güclü olub. O, hakimlərdən 21.750 xal alaraq, Dünya kubokunu qazanıb. Dina Averina (21.100 xal) ikinci, Belarus təmsilçisi Katsiarina Qalkina (20.500 xal) üçüncü yerə layiq görülüblər.
Gürzlərlə hərəkətlərdə yenə də rusiyalı əkiz bacılar – Dina və Arina Averinalar ilk iki pillədə qərarlaşıblar. Dina Averina 22.500 xalla qızıl, Arina Averina 22.300 xalla gümüş medal qazanıblar. İlk üçlüyü Ukrayna gimnastı Vlada Nikolçenko (21.400 xal) tamamlayıb.
Lentlə hərəkətlərdə isə Belarus təmsilçisi Anastasiya Salos (20.650 xal) birinci, Arina Averina (20.600 xal) ikinci, Dina Averina isə (20.250 xal) üçüncü olublar.
Fərdi proqramda ayrı-ayrı alətlər üzrə ilk üç yeri tutan gimnastlar mükafatlandırıldıqdan sonra bu il keçirilən dörd Dünya kubokunun üçündə ən yaxşı nəticə göstərən gimnastlara Beynəlxalq Gimnastika Federasiyasının (FIG) kubokları təqdim edilib. Halqa və topla hərəkətlərdə kubok Dina Averinaya (Rusiya), gürzlərlə hərəkətlərdə Vlada Nikolçenkoya (Ukrayna), lentlə hərəkətlərdə isə Katrin Tasevaya (Bolqarıstan) verilib.
Fərdi proqramda gimnastların gərgin mübarizəsini qrup hərəkətləri komandaları davam etdiriblər. Beş topla yarışlarda Rusiya yığması (24.850 xal) qızıl medala layiq görülüb. Yaponiya millisi (24.450 xal) II, Ukrayna (24.350 xal) III olub. Üç halqa və iki cüt gürzlə hərəkətlərdə isə Bolqarıstan (25.550 xal) komandası fərqlənib. qızıl, Rusiya (25.250 xal) gümüş, Ukrayna (25.150 xal) isə bürünc medal qazanıb.
Bununla yanaşı, Rusiya yığmasına beş topla, Bolqarıstan millisinə isə üç halqa və iki cüt gürzlə hərəkətlərdə FIG kuboku təqdim olunub. Kuboku Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov təqdim edib.
Məlumat üçün qeyd edək ki, bədii gimnastika üzrə Olimpiya Oyunlarının gümüş medalçısı, 7 qat dünya, 5 qat Avropa çempionu Yana Batırşina Bakıda keçirilən Dünya kuboku yarışlarını izləyib. Əməkdar idman ustası, Rusiya telekanallarında aparıcılıq edən Yana Batırşina həm də bu il Azərbaycanda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiridir.

Səadət Hakıyeva