Dağıstanın Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə turnir başa çatıb.
Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov beynəlxalq turnirin baş mükafatını qazanıb. Finaladək Xox Xuqayev (Rusiya), Ömərhacı Məhəmmədov (Belarus), Tajudin Muxtarov (Rusiya) və Batırbek Tsakulova (Rusiya) qalib gələn Şərif Şərifov (92 kq) son görüşdə də sevinən tərəf olub. Həlledici qarşılaşmada Rusiyanın daha bir təmsilçisi Əlixan Cəbrayılovu 7:4 hesabı ilə məğlub edən güləşçimiz Dağıstanda himnimizi səsləndirib.
Gitinoməhəmməd Hacıyev (70 kq) də finaladək irəliləyib. O, növbə ilə Anzor Zakuev, Ruslan Boqatıryov və Ramazan Ramazanovu (hamısı Rusiya) üstələyib. Son görüşdə yerli idmançı Razambek Camalova uduzan G.Hacıyev gümüş medalı boynundan asıb.
Digər təmsilçimiz Nurməhəmməd Hacıyev isə bürünc medal qazanıb. Beləliklə, yığmamız Dağıstandan bir dəst medalla ayrılıb.