Bakıda Avropa çempionatının ən güclüləri müəyyənləşdi

Bakıda Avropa çempionatının ən güclüləri müəyyənləşdi


Bu gün Bakıda 35-ci Avropa çempionatının final yarışlarına yekun vurulub.
Yarışların son günündə böyüklər arasında fərdi proqramda çoxnövçülük (top, halqa, gürz və lent) üzrə ən güclülər müəyyənləşdi.
Halqa ilə yarışlarda rusiyalı gimnast Dina Averina (23.300 xal) qızıl medala layiq görüldü. 2-ci yeri Belarus idmançısı Katsariana Halkina (21.150 xal) tutdu. Bürünc medalı isə israilli Nikol Zelikman (20.950 xal) qazandı.
Azərbaycan gimnastı Zöhrə Ağamirova isə yarışları 19.875 xalla 6-cı yerdə başa vurdu.
Topla yarışlarda birinciliyi Arina Averina qazandı. Rusiyalı gimnast hakimlərdən 22.850 xal aldı. Gümüş medala da Rusiya təmsilçisi Aleksandra Soldatova (22.050 xal) layiq görüldü. Üçlüyü qapamaq isə Bolqariya idmançısı Boryana Kaleynə (21.800 xal) qismət oldu.
Qaliblərə mükafatları Beynəlxalq Gimnastika Federasiyasının Texniki Komitəsinin sədri Nataliya Kuzmina və dünya və Avropa çempionu Yana Batırşina təqdim etdi.
Gürzlə yarışlarda yenə də Arina Averina (23.200 xal) fərqləndi. Onun bacısı Dina Averina (22.950 xal) isə 2-ci oldu. Ukrayna gimnastı
Vlada Nikolçenko (22.475 xal) ilk üçlüyü tamamladı. Gimnastımız Zöhrə Ağamirova isə 18.950 xalla 8-ci yerdə qərarlaşdı.
Lentlə yarışlarda qızıl medala yenə Dina Averina (20.400 xal) sahibləndi. Digər rusiyalı gimnast Aleksandra Soldatova (20.300 xal) isə ikinci oldu. Bolqariyalı Boryana Kaleyn (19.750 xal) bürün medal aldı.
Bakıda keçirilən bədii gimnastika üzrə 35-ci Avropa çempionatı çərçivəsində "SmartScoring Shooting Star” mükafatı təqdim olundu.
Çempionatın tərəfdaşı olan "SmartScoring” şirkətinin təsis etdiyi mükafat Avstriya gimnastı Nikol Rupreçtə verildi.
2001-ci ildən gimnastika ilə məşğul olan gimnast ölkəsində dəfələrlə ilin ən yaxşı qadın idmançısı seçilib. Rio-2016 Yay Olimpiya Oyunlarının iştirakçısı olan N.Rupreçt ardıcıl 7 il Avstriya çempionu adını qazanıb.
Yarışın sonunda Avropa çempionatının bayrağı Ukraynaya təqdim edildi.
Bakıda 4 gün davam edən bədii gimnastika üzrə 35-ci Avropa çempionatının fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış ediblər. Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.