Veteranlar arasında stolüstü tennis üzrə ölkə çempionatı keçirilib

Veteranlar arasında stolüstü tennis üzrə ölkə çempionatı keçirilib


İdman mütəxəssisi Mais Şeydabəyovun xatirəsinə həsr olunmuş veteranlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib.
Şəxsi xarakter daşıyan çempionatda 50-dən çox veteran idmançı iştirak edib. Turnir idman mütəxəssisi Mais Şeydabəyovun xatirəsini yad etmək, veteranların sağlamlığının möhkəmləndirilməsi, fəal idman həyatına cəlb edilməsi məqsədini daşıyıb.
Turnirin açılış mərasimində çıxış edən Stolüstü Tennis Federasiyasının vitse-prezident Fazil Məmmədov ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan bəhs edib və yarış iştirakçılarına uğurlar arzulayıb.
Turnirdə mərhumun ailə üzvləri də iştirak edib. Oğlu atasının xatirəsini yad etdikləri üçün hər kəsə təşəkkürünü bildirib.
İki gün davam edən turnirdə 40-44 yaş qrupu üzrə qadınların yarışında birinci yerə Xəyalə Qiyasova, kişilərin mübarizəsində isə Vaqif Məmmədov layiq görülüb.
50-59 yaş qrupunda kişilərin yarışında Teymur Hüseynov bütün rəqiblərini üstələyərək birinci olub.
60 yaş və yuxarı yaş qrupu üzrə birinci yerə Səxavət Heydərov sahib çıxıb.
Qoşa yarışlarda Zaur Mikayılov - Tahir Hüseynov birinci yeri tutub.
Qaliblərə Federasiyanın diplom və mükafatları təqdim olunub.