Millimizin Qazaxıstan səfəri davam edir

Millimizin Qazaxıstan səfəri davam edir




Voleybolçularımız onlara bəslənilən ümidləri doğrulda bilmirlər

Qazaxıstanda ölkə Prezidenti Nursultan Nazarbayevin şərəfinə qadın voleybolçular arasında beynəlxalq turnir keçirilir.
Yarışda Azərbaycan millisi ilə bərabər, Belarus yığması, Qazaxıstanın əsas və ikinci komandası, Çinin "Lyaonin” və Rusiyanın "Uraloçka” komandaları da mübarizə aparırlar. ABŞ-ın tələbələrdən ibarət komandasının da bu turnirdə iştirakı gözlənilsə də, onlar gəlməyiblər. Məhz buna görə yarışın qaydalarında dəyişiklik edilib.
Artıq yarışda 3 turun nəticələri məlumdur. Komandamız birinci turda Çinin "Lyaonin” klubu ilə qarşılaşıb. Avropa çempionatına hazırlıq məqsədi ilə bu yarışda iştirak edən yığmamızın ilk oyunda hansı nəticə göstərəcəyi maraqla gözlənilirdi. Birinci hissədə təmsilçilərimiz pis oyun nümayiş etdirməyiblər. Bərabər səviyyədə keçən görüşdə sevinən tərəf "Lyaonin” klubu olub. Onlar təmsilçilərimizi iki xal fərqi ilə üstələyiblər. İkinci hissədə isə millimiz özlərinə layiq olan oyunu göstərə bilməyiblər. Belə ki, yığmamız, nə az, nə çox, 15 top fərqi ilə məğlubiyyətə uğrayıblar. Üçüncü hissədə isə təmsilçilərimiz öz oyunlarını nümayiş etdirə biliblər. Belə ki, voleybolçularımız bu hissədə qalib gəliblər. Lakin bu onların görüşdə qazandıqları ilk qələbə olub. Növbəti hissədə də 4 top fərqi ilə yığmamızı məğlubiyyətə uğradan Çin təmsilçisi ilk turda qalib gəlib - 1:3 (25:27, 10:25, 25:14, 21:25). Oyundan sonra görüşün ən yaxşı voleybolçularının adları bilinib. Polina Rəhimova ən çox fərqlənən voleybolçu olub. O, uduzmağımıza baxmayaraq, görüşdə 19 dəfə fərqlənib.
 Əsasən, gənclərin meydana çıxdığı matçda komandamızın digər üzvlərindən Yana Ağayeva 15, Anastasiya Qurbanova 12, Kseniya Kovalenko 7, Odina Əliyeva 6, Ayşən Abduləzimova 3 və Natəvan Qasımova 1 xal toplayıb. Millimizdə libero kimi Ceyran Əliyeva oynayıb. "Lyaonin”in heyətində isə Ni Yan daha məhsuldarlıq nümayiş etdirib. Onun 18 zərbəsi dəqiq olub. Turun ikinci görüşündə isə "Uraloçka” ilə Qazaxıstan millisi qarşılaşıb. Yarışların Qazaxıstanda keçirilməsi meydan sahiblərinə əlavə stimul verib. İlk oyun onlar üçün yaxşı sonluqla bitib. Qarşılaşmaya gəlincə isə, Qazaxıstan millisi görüşə daha fəal başlayıb. Bu hesabda da özünü göstərib. Belə ki, onlar şimal qonşularımızı birinci hissədə 10 top fərqi ilə məğlubiyyətə uğradaraq görüşdə üstünlüyü ələ alıblar. İkinci hissədə isə "Uraloçka” rəqibinə 6 top fərqi ilə qalib gəlsə də, bu onların oyunda qazandıqları son qələbə olub. Meydan sahibləri üçüncü və dördüncü hissələrdə, müvafiq olaraq, rəqiblərini 10 və 9 xal fərqi ilə məğlubiyyətə uğradaraq birinci görüşdə qələbə qazanıblar. Turun ən mararqlı görüşü isə Belarus millisi ilə Qazaxıstan komandası arasında keçirilib. Avropa çempionatının final mərhələsində rəqibimiz olan belarusluların hansı nəticə göstərəcəyi voleybolsevərlər tərəfindən maraqla gözlənilirdi. Çünki Belarus millisinin baş məşqçisi yarışdan əvvəl maraqlı açıqlamalar vermişdi. O, müsahibəsində komandamızı özləri üçün təhlükəli rəqib hesab etməmişdi. Oyuna gəldikdə isə görüşə Qazaxıstan millisi fəal başlayıb. Birinci hissədə meydan sahibləri iki top fərqi ilə rəqibini məğlubiyyətə uğradıb. İkinci hissədə isə hər şey əksinə olub. Bu dəfə, Belarus yığması qələbəni bayram edib. Üçüncü hissədə isə Qazaxıstan millisi yenidən qalib gəlib. Növbəti hissədə isə belaruslular yenidən qələbə qazanaraq tay-brekdə qüvvələrini sınamaq imkanı qazanıb. Burada isə meydan sahibləri rəqiblərinə heç bir imkan verməyiblər. Onlar 10 top fərqi ilə qalib gələrək görüşü qələbə ilə bitiriblər. İkinci turda isə komandamız meydan sahiblərinin ikinci komandası ilə qarşılaşıb. Komandamızın mükafatçılar sırasında yer alması üçün bu görüşdə qələbə mütləq lazım idi. Çünki növbəti məğlubiyyət təmsilçilərimiz üçün pis nəticələnə bilərdi. Lakin, voleybolçularımız birinci turda olduğu kimi, ikinci turda da onlara bəslənilən ümidləri doğrulda bilməyiblər. Oyuna gəldikdə isə, birinci hissə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Rəqimbiz ardıcıl olaraq ikinci və üçüncü hissədə də qalibə gələrək qələbəni bayram edib. Bununla da, komandamız turnirdə ikinci məğlubiyyəti ilə üzləşib.
Oyundan sonra ən yaxşı voleybolçuların adları açıqlanıb. 3:0 hesabı ilə məğlub olduğumuz matçda Perez Sançez ən çox fərqlənən voleybolçu adını qazanıb. Rəqibin 24 yaşlı kubalı legioneri Faiq Qarayevin yetirmələrini 25 dəfə məyus edib.
Millimizin heyətində isə Yana Ağayeva hamıdan çox xal toplayıb. Voleybolçumuzun 11 zərbəsi dəqiq alınıb. Digər oyunçularımıza gəlincə, Polina Rəhimova 10, Kseniya Kovalenko 9, Odina Əliyeva, Aynur Kərimova və Natəvan Qasımova hərəyə 5 dəfə fərqləniblər. Turun ikinci görüşündə isə Belarus yığması komandamızı birinci turda məğlubiyyətə uğratmış Çinin "Lyaonin” komandası ilə qarşılaşıb. Belaruslular hər üç hissəni qələbə ilə bitirərək aktivlərinə xal əlavə ediblər.
Günün digər qarşılaşmasında Rusiyanın "Uraloçka” komandası Qazaxıstan millisi ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahiblərinin bu görüşdə asan qələbə qazanacağı hamı tərəfindən gözlənilirdi. Çünki, Rusiya təmsilçisi bu oyuna əsas heyətlə qatılmamışdı. Əsas oyunçularına istirahət verən baş məşqçi bu oyunda gənc voleybolçuların gücünü sınayıb. Lakin onlar ümidləri doğrulda bilməyiblər. Əvəzində Qazaxıstan millisi hər üç hissədə qalib gələrək qələbəni bayram edib. Bu qələbə sayəsində meydan sahibləri üçüncü pilləyə yüksəlib. Üçüncü turda komandamız Qazaxıstan yığmasının əsas komandası ilə qarşılaşıb. Bu oyunda komandamıza qələbə mütləq lazım idi. Çünki iki turda komandamız məğlubiyyətlə üzləşmişdi. Birinci hissə komandamız üçün yaxşı başlamayıb. Belə ki, meydan sahibləri təmsilçilərimizi 10 top fərqi ilə məğlubiyyətə uğradıblar. İkinci hissə də Qazaxıstan millisinin qələbəsi ilə yekunlaşıb. Növbəti hissədə isə yığmamız öz oyununu nümayiş etdirərək qalib gəlib. Dördüncü hissə də komandamızın xeyrinə yekunlaşdı. Qalib gələn tərəfin adına aydınlıq gətirmək üçün komandalar tay-brekdə qüvvələrini sınamalı olublar.
Burada isə bəxt bizdən üz döndərib. Meydan sahibləri bu hissədə də qalib gələrək aktivlərinə növbəti xalları əlavə ediblər. Bu oyundan sonra ən yaxşı voleybolçuların adları bilinib. 3:2 hesabı ilə məğlub olmağımıza baxmayaraq voleybolçumuz Polina Rəhimova görüşün ən yaxşı oyunçusu seçilib. Hücumçumuz rəqibdən nə az, nə çox 31 xal almağı bacarıb. Millimizin digər voleybolçularına gəlincə, Odina Əliyeva 13, Kseniya Kovalenko 10, Ayşən Abduləzimova 9, Anastasiya Qurbanova 6, Natəvan Qasımova 4, Yana Ağayeva 2 və Oksana Kiselyova 1 xal toplayıb. Rəqibin heyətində isə Tatyana Mudritskaya, Sana Carlaqasova və Olqa Nasedkina hərəyə 16 dəqiq zərbə ilə məhsuldarlıq nümayiş etdirib.
Bu oyundan sonra Çinin "Lyaonin” komandası ilə Qazaxıstan yığmasının ikinci komandası üz-üzə gəlib. Burada güclü tərəf Çin təmsilçisi olub. Belə ki, onlar hər üç hissədə rəqibinə heç bir şans verməyərək qələbəni bayram ediblər. Belarus millisi isə "Uraloçka” komandasından güclü olub. Şimal qonşularımız rəqibləri ilə heç cürə bacara bilməyiblər. Hər üç hissədə məğlub olan "Uraloçka” növbəti məğlubiyyətlə üzləşib.
Üç oyundan sonra 9 xal toplayan Çinin "Lyaonin” komandası turnir cədvəlinə şəriksiz liderlik edir. Qazaxıstan yığması 7 xalla ikinci pillədə qərarlaşıb. Meydan sahiblərinin ikinci komandası 6 xalla üçüncü olub. Aktivində 1 qələbə 2 məğlubiyyət olan Belarus millsi 4 xalla dördüncü pillədə yer alıb. Azərbaycan millisi isə 1 xalla 5-ci pillədədir. Bu, komandamız üçün arzuolunmaz bir nəticədir. Çünki 6 komanda arasında 5-ci olmaq komandamızın hazırlıq səviyyəsinin yaxşı olmamasından xəbər verir.
İyunun 27-də komandalar bir gün istirahət etdikdən sonra yenidən mübarizəyə başlayacaqlar.
Komandamız dördüncü turda Rusiyanın "Uraloçka” komandası ilə qarşılaşacaq. Belarus yığması Qazaxıstan-2 komandası ilə, Qazaxıstan millisi isə "Lyaonin” klubu ilə üz-üzə gələcək. Sonuncu turda isə yığmamız Belarus millisi ilə qarşılaşacaq. "Lyaonin” (Çin) isə "Uraloçka”nı (Rusiya) məğlub etməyə çalışacaq. Qazaxıstanın iki komandası isə bir-biri ilə mübarizə aparacaq.



Dairəvi sistemlə keçirilən beynəlxalq turnirin cədvəli

24 iyun
1. "Uraloçka” (Rusiya) - Qazaxıstan-2 - 1:3 (15:25, 25:19, 15:25, 16:25)
2. "Lyaonin” (Çin) - Azərbaycan - 1:3 (25:27, 10:25, 25:14, 21:25
3. Belarus - Qazaxıstan - 2:3 (24:26, 25:16, 17:25, 25:19, 5:15)

25 iyun
1. Qazaxıstan-2 - Azərbaycan - 3:0 (25:20, 25:18, 25:21)
2. "Lyaonin” (Çin) - Belarus - 3:0(27:25, 25:22, 25:7)
3. Qazaxıstan - "Uraloçka” (Rusiya) - 3:0 (25:23, 25:20, 25:19)

26 iyun
1. "Lyaonin” (Çin) - Qazaxıstan-2 - 3:0 (25:9, 25:20, 25:21)
2. Belarus - "Uraloçka” (Rusiya) - 3:0 (25:20, 25:12, 25:14)
3. Azərbaycan - Qazaxıstan - 2:3 (15:25; 20:25; 25:22; 25:21; 10:15)

27 iyun
İstirahət günü

28 iyun
15:00. Belarus - Qazaxıstan-2
17:00. "Uraloçka” (Rusiya) - Azərbaycan
19:00. Qazaxıstan - "Lyaonin” (Çin)

29 iyun
14:00. Azərbaycan - Belarus
16:00. "Lyaonin” (Çin) - "Uraloçka” (Rusiya)
18:00. Qazaxıstan-2 - Qazaxıstan
19:30. Mükafatlandırma