DİN İC-in kikboksçuları ölkə birinciliyində uğurla çıxış ediblər

DİN İC-in kikboksçuları ölkə birinciliyində uğurla çıxış ediblər

Ölkəmizdə inkişaf etmiş döyüş növlərindən olan kikboksinq idman növündə kifayət qədər peşəkar, təcrübəli və titullu idmançılarımız var. Hazırda kikboksçularımız bir sıra nüfuzlu yarışlarda öz sözlərini deyir, ən güclü ölkələrin idmançıları üçün ciddi rəqib hesab olunur bir sözlə, aparıcı mövqelərdə dayanırlar. Bu idmançıların yetişdirilməsində isə ən böyük məsuliyyət, sözsüz ki, fəalliyət göstərən klubların üzərinə düşür. Çünki perspektivli və idmana marağı olan gənclər məhz belə klublarda yetişir, gərgin əmək sayəsində beynəlxalq arenalarda uğurla çıxış ediblər.
Hazırda paytaxtda və ölkəmizin regionlarında kifayət qədər klublar, mərkəzlər fəaliyyət göstərir və çempionların yetişdirilməsində bu idman ocaqlarının rolu danılmazdır. Ölkəmizdə kikboksinqin inkişafına öz töhfəsini verən tanınmış idman ocaqlarından biri də Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin kikboksinq bölməsidir. Bugünlərdə bölmənin yeniyetmə və gənc kikboksçuları ölkə birinciliyində möhtəşəm uğur qazanıblar.

DİN İC-in 12 kikboksçusu ölkə birinciliyində qızıl medal qazanıb
İyunun 19-dan 23-dək İsmayıllı Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər arasında kikboksinq üzrə keçirilən Azərbaycan birinciliyində bölmənin 32 idmançısı qüvvəsini sınayıb. Onlardan 12-si qızıl, 4-ü gümüş, 9-u bürünc medal əldə edib. Qeyd edək ki, hazırda bu bölməyə kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət yığmanın baş məşqçisi, əməkdar məşqçi Hikmət Hacıyev rəhbərlik edir. Eyni zamanda "Fərhad”, "Hakim”, "Yardımlı” kikboks klublarına da rəhbərlik edən Hikmət Hacıyev DİN İC-in kikboksçularının ölkə birinciliyindəki çıxışları barədə məlumat verdi:
Yarışda 1995-1996-cı illər təvəllüdlü yeniyetmələr və 1997-1998-ci illər təvəllüdlü gənclər qüvvələrini sınayırdılar. Yarışda 52 komandadan 300 idmançı mübarizə aparırdı. Birincilikdə Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin 32 kikboksçusu bacarığını nümayiş etdirdi. Onlardan 12-si qızıl, 4-ü gümüş, 9-u bürünc medala sahib çıxdı. Ümumi hesabda Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin kikboksçuları birinci yeri tutdular. "Naxçıvan” klubu ikinci, "Qızıl əlcək” klubu isə üçüncü oldu. Qeyd edim ki, bu yarış sentyabrın 15-dən 23-dək Polşada keçiriləcək Avropa birinciliyinə seçim xarakteri daşıyırdı. Yarışda birinci yerləri tutan idmançılar yığmaya dəvət olunaraq, Avropa birinciliyinə hazırlıq məqsədilə təlim-məşqlərə cəlb ediləcəklər. Polşada keçiriləcək Avropa birinciliyi üçün nəzərdə tutulan təlim-məşqlər iyulun 1-dən etibarən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində həyata keçiriləcək. Onu da deyim ki, kikboksinq üzrə ölkə birinciliyi yüksək səviyyədə təşkil olunmuşdu. Fürsətdən istifadə edib Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevə yarışın yüksək səviyyədə təşkili, idmançılarımıza yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. O, daim kikboksçulara dəstək olur, onların problemləri ilə mütəmadi maraqlanır, idmançıların mötəbər yarışlarda yüksək nəticə qazanmaları üçün hər bir şərait yaradır. Onu da deyim ki, İsmayıllı Olimpiya İdman Kompleksinin rəhbərliyi tərəfindən idmançılarımız üçün hər cür şərait yaradılmışdı. Yetirmələrim arasında Ruslan Musayev (51 kq), Qəmbər Əzimov (54 kq), Zöhrab Əzimov (57 kq), Ülvi Quliyev (60 kq), Ümid Məmmədov (+ 86 kq), Məhəmməd İsmayılzadə (42 kq) daha yaxşı çıxış edərək respublika çempionu adını qazanıblar. İnanıram ki, bu idmançılar beynəlxalq yarışlarda da öz sözlərini deyəcəklər. Ölkə birinciliyində əsas rəqabət "Naxçıvan” klubu, "Neftçi” İSM, "Qızıl əlcək” idman klubları arasında gedirdi. İdmançılarımız bu yarış üçün, demək olar ki, il ərzində hazırlıq prosesi keçmişdilər. Son bir ayı isə onlar respublika birinciliyinə hazırlıq məqsədilə təlim-məşqlərə qatılmışdılar. Komandanın yüksək hazırılığının nəticəsidir ki, idmançılarımız ölkə birinciliyində 12 qızıl medal əldə etdilər”.

"İdmançılarımız yarışlarda bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək üçün mübarizə aparırlar”
DİN İC-in kikboksinq bölməsi 1999-cu ildə yaradılıb. Burada ümumilikdə 350 yeniyetmə, gənc və böyükyaşlı idmançı kikboksinqin sirlərinə yiyələnir. Yarandığı gündən bölmənin qarşısında dayanan əsas məqsəd ölkənin aparıcı idman ocaqlarından birinə çevrilmək olub və bu məqsədə nail olmaq istiqamətində bir sıra işlər görülüb. Burada kikboksinqin sirlərini idmançılara Hikmət Hacıyevlə yanaşı, köməkçi məşqçi, Elnur Həmidov da öyrədir.
Bölmənin fəaliyyəti barədə bizə ətraflı məlumat verən Hikmət Hacıyev idmançıların bu illər ərzində əldə etdikləri nəticələr barədə də danışdı:
"Bu gün Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti ölkənin aparıcı idman ocaqlarından biridir. Cəmiyyətin fəaliyyətinin əsas məqsədi daxili işlər orqanları əməkdaşlarının fiziki hazırlıqlarını təkmilləşdirmək, əhali arasında bədən tərbiyəsi və idmanı inkişaf etdirmək, həmçinin peşəkar idmançılar yetişdirməkdir.
Cəmiyyətin bir sıra idmançıları dünya və qitə çempionatları, Olimpiya oyunları kimi mötəbər yarışlarda yüksək nailiyyətlər qazanıblar.
Cüdo üzrə Olimpiya çempionu Nazim Hüseynov, sambo üzrə 7 qat dünya çempionu Ceyhun Məmmədov, stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftəhətdinova, Afina-2004-ün bürünc mükafatçısı İradə Aşumova, Pekin-2008-in bürünc mükafatçısı Mövlud Mirəliyev, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin təmsilçiləridirlər. Hazırda Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə polis polkovniki Sahib İsmayılov sədrlik edir. Sahib müəllimin rəhbərliyi altında cəmiyyətin təmsilçiləri ayrı-ayrı idman növləri üzrə mükafatlar qazanırlar. Qeyd edim ki, Sahib İsmayılov idmançılara öz diqqət və qayğısını əsirgəmir. Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin kikboksinq bölməsində müxtəlif yaş qrupları üzrə 350 kikboksçu bu idman növünün sirlərinə yiyələnir. Bölmə yarandığı dövrdən əsas məqsədimiz idmançıların ölkədaxili və beynəlxalq səviyyəli turnir və çempionatlarda birinci olmasını təmin etməkdir. Sevindirici haldır ki, yetirmələrim onlara bəslənilən ümidləri doğruldurlar. Klubun yetirmələri onların üzərinə düşən vəzifəni çox yaxşı başa düşür və nəticələrini yaxşılaşdırmaq üçün öz üzərlərində daim işləyirlər. İdmançılarımız beynəlxalq yarışlarda bayrağımızı qaldırmaq, himnimizi səsləndirmək üçün mübarizə aparırlar. Bunun nəticəsidir ki, onlar bir sıra yarışlarda uğurlu nəticələr əldə edib. Yetirməm Ramal Aslanov 2012-ci ildə Avropa çempionatında ikinci yerə layiq görülüb. O, gənclər arasında dünya çempionudur. Qeyd edim ki, ötən il WAKO versiyası üzrə gənclər arasında keçirilən dünya birinciliyində yetirmələrim 1 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıblar. Xatırladım ki, Ramal 2012-ci ilin yekunlarına əsasən Gənclər və İdman Nazirliyi, eləcə də "Olimpə doğru” jurnalı tərəfindən qeyri-olimpiya idman növləri üzrə "İlin ən yaxşı idmançısı” nominasiyasının qalibi olub. DİN İC-in digər kikboksçusu Emil Mövsümzadə isə ötən il Slovakiyada gənclər arasında dünya çempionu adına layiq görülüb”.

"İdmançılarda kiçik yaşlarından döyüş növlərinə maraq oyatmaq, onların sağlam və vətənpərvər ruhda böyümələrinə çalışmalıyıq”

İdman ocağında yeniyetmə və gənc kikboksçular nəslinin yetişdirilməsi də diqqət mərkəzindədir. Məşqçinin sözlərinə görə, hər hansı gəncədə idman növünün təməli düzgün qoyularsa, o, idmanda daha böyük uğurlar qazana bilər. "Bölmədə yeniyetmə və gənc idmançılarımız üstünlük təşkil edirlər. İdmançılarda kiçik yaşlarından döyüş növlərinə maraq oyatmaq, onların sağlam və vətənpərvər ruhda böyümələrinə çalışmalıyıq. Bu gün gənclərimiz vətənin müdafiəsinə daim hazırlıqlı olmalıdırlar. Klub yeni yaranarkən bu məqamlara xüsusi diqqət yetirmişik”, - deyə o əlavə etdi. Məşqçi klubda idmançıların fiziki hazırlığı ilə yanaşı, psixoloji hazırlığının da yüksək olmasının vacib olduğunu bildirdi: "Döyüşçüdə mütləq özünə inam hissi olmalıdır. Buna görə də o yarışlara psixoloji cəhətdən hazır olmalıdır. Məşq zamanı idmançıların mənən və ruhən güclü olmaları üçün xüsusi məşqlər keçilir. Yarışlar zamanı idmançılarımız psixoloji cəhətdən hazırlıqlı olmaları ilə seçilirlər. İsmayıllıda keçirilən ölkə birinciliyində də komandamızın üzvləri inamla çıxış edərək, 12 qızıl medal qazandılar”.
Məşqçinin sözlərinə görə, bölmədə həvəskar kikboksinqlə yanaşı, peşəkar kikboksinq də tədris olunur. Hikmət müəllim qeyd etdi ki, bölmənin idmançıları təkcə həvəskarlar arasında deyil, peşəkarlar arasında keçirilən yarışlarda da qüvvələrini sınayırlar. Bu isə idmançıların püxtələşməsi baxımından onlara əlavə üstünlük verir. Peşəkarlar arasında keçirilən yarışlarda da qüvvələrini sınayan idmançılar bu sahədə də nailiyyətlər əldə ediblər. "Qeyd edim ki, dünyada peşəkar kikboksa maraq böyükdür və peşəkarlar arasında bir sıra nüfuzlu yarışlar keçirilir. Həvəskar idmanı başa vuran döyüşçülər, adətən, karyeralarının məntiqi davamı kimi peşəkar idmana üz tuturlar. DİN İC-də peşəkar kikboksinqin incəlikləri də öyrədilir. Artıq idmançılarımız bu sahədə də öz sözlərini deyirlər”, - deyə məşqçi bildirdi.
Qeyd edək ki, Hikmət Hacıyev 2000-ci ildən ölkədaxili yarışlarda hakimlik edir. O, ötən il İspaniyada beynəlxalq hakim dərəcəsi alaraq, dünya çempionatının yarışlarını idarə edib. Hakim Hacıyev həmçinin 2010-cu ildə ölkəmizdə kikboksinq üzrə keçirilən Avropa çempionatında da respublikamızı hakim kimi təmsil edib. Hakimlik peşəsinin çətin və məsuliyyətli olduğunu deyən məşqçi idmançı kimi də bir sıra nailiyyətlər qazanıb. Belə ki, H. Hacıyev 91 kq çəki dərəcəsində daxili işlər orqanları əməkdaşları arasında keçirilən əlbəyaxa döyüş və silahsız özünü müdafiə üzrə kikboksinq və boks yarışlarında 9 dəfə çempion adını qazanıb.
Aysel Sultanova