Yeniyetmələr Sumqayıtda güclərini sınadılar

Yeniyetmələr Sumqayıtda güclərini sınadılar


İyunun 25-də Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyinə həsr olunmuş sərbəst və qız güləşi üzrə açıq birincilik keçirildi. Azərbaycan Müharibəsi Veteranları Birliyi Sumqayıt Şəhər Təşkilatının dəstəyi ilə təşkil olunan turnirdə 2000-2002-ci illər təvəllüdlü oğlanlar və qızlar güclərini sınadılar. Birincilikdə Bakı ("Məhsul”, "MOİK”, "Neftçi”), Sumqayıt ("Təhsil”, UGİM), Zaqatala, Abşeron və Gəncəni təmsil edən 150 (50 qız, 100 oğlan) güləşçi mübarizə apardı.
Turnirin açılış mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, Şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev, millət vəkili Musa Qasımlı və KİV nümayəndələri iştirak etdilər. Azərbaycan Müharibəsi Veteranları Birliyi Sumqayıt Şəhər Təşkilatının sədri Mübariz Quliyev yarış iştirakçılarını və qonaqları salamladı və yeniyetmə güləşçilərə uğurlar arzuladı.


Sonra çıxış üçün söz Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənova verildi. Musa müəllim Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi və yeniyetmə güləşçilərə uğurlar arzuladı. "Bu gün Sumqayıt Olimpiya İdman Kompleksində təşkil olunan yarış Azərbaycan ordusunun yaradılmasının 95 illiyinə həsr olunub. Belə turnirlər yeniyetmə idmançılarımızın təcrübə qazanması baxımından mühüm əhəmiyyət kəsb edir. Yarış iştirakçılarını ürəkdən təbrik edir, onların hər birinə qalib olmağı arzulayıram. Sevindirici haldır ki, bu yarışda respublikamızın bir neçə bölgəsini təmsil edən gənc pəhləvanlar mübarizə aparırlar. Turnirin Sumqayıtda keçirilməsi bir daha göstərir ki, şəhərimiz idman mərkəzinə çevrilib. Azərbaycan dövlətinin idmana göstərdiyi qayğı Sumqayıtda öz əksini tapıb. Burada tez-tez müxtəlif növlər üzrə yarışlar keçirilir. İnanıram ki, bu yarış gərgin idman mübarizəsi şəraitində keçəcək və ən yaxşılar qalib gələcəklər”, - deyə o əlavə etdi. Şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev ölkəmizdə idmana xüsusi qayğı ilə yanaşıldığını bildirdi: "Azərbaycan idman ölkəsidir. Respublikamızın bütün bölgələrində idmanın inkişafı üçün şərait yaradılıb. Bakıda, eləcə də ayrı-ayrı bölgələrdə ən müasir idman qurğuları yeniyetmə və gənclərin istifadəsinə verilib. Bu yarışın keçirildiyi Sumqayıt Olimpiya İdman Kompleksi bütün tələblərə cavab verir. Bu cür şəraitlə təmin olunan idmançılarımız ən mötəbər yarışlarda ölkəmizin idman şərəfini ləyaqətlə qorumağa borcludurlar. Mən turnirin iştirakçılarına qələbə arzulayıram”.
Millət vəkili Musa Qasımlı bu yarışın açılış mərasiminə dəvət olunduğu üçün təşkilatçılara minnətdarlığını bildirdi. "Azərbaycanda idman sürətlə inkişaf edir. Bu sahəyə göstərilən dövlət qayğısı hər birimizi sevindirir. Ölkəmizin hər bir guşəsində idmanın inkişafı üçün şərait yaradılıb. Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin idmana xüsusi diqqətlə yanaşması atletlərimizin nailiyyətlərinə zəmin yaradır. Sumqayıt idmançıları da ölkəmizi ləyaqətlə təmsil edirlər. Bu gün Sumqayıtda müxtəlif növlər üzrə dünya, Avropa çempionları, Olimpiya mükafatçıları var. Bütün bunlar göstərir ki, ölkəmizin bölgələrində də idman sahəsi diqqət mərkəzindədir. Azərbaycan ordusunun yaradılmasının 95 illiyi münasibətilə keçirilən bu turnirin hər bir iştirakçısına mübarizlik arzulayıram”, - deyə o əlavə etdi. Azərbaycan Güləş Federasiyası 2 saylı nümayəndəliyinin məşqçisi Xəyal Əliyev öz çıxışında idmana göstərilən qayğını yüksək qiymətləndirdi. O, yeniyetmə güləşçilərin bu cür turnirlərdə iştirakının vacib olduğunu qeyd etdi və yarış iştirakçılarına uğurlar arzuladı.
Mərasimdə qeyd olundu ki, iyunun 18-23-də Montoneqroda keçirilən Avropa çempionatında 43 kq çəkidə çıxış edən Türkan Nəsirova III olub. Bu münasibətlə UGİM -in direktoru. Mais Məsimov xanım güləşçiyə və onun məqçisi Tural Əliyevə qiymətli hədiyyələr təqdim etdi.
Sonra turnirin final yarışları başladı. Qızlar arasında Abşeron güləşçiləri Yasəmən Məcidli (38 kq), Türkan Osmanova (43 kq), Gültac Məmmədəliyeva (46 kq) və Arzu Cəfərova (60 kq) birinci yerə layiq görüldülər. 4 qızıl, 2gümüş və 1 büürnc medal əldə edən Abşeron idmançıları komanda hesabında birinci oldular. Oğlanların mübarizəsində isə Sumqayıt Olimpiya Kompleksinin təmsilçiləri Qədir Qasımov (83 kq), Yusif Tahirov (52 kq) və Telman Musayev (60 kq) öz çəkilərində güclü olduqlarını göstərdilər. Bu yarışda Kompleksin güləşçiləri komanda hesabında birinci pillədə yer aldilar.

Hürrü Abdullayev