Soçi-2014: “Şimal soyuğu”nun Olimpiya hərarəti

Soçi-2014: “Şimal soyuğu”nun Olimpiya hərarəti


Qarşıdan XXII Qış Olimpiya Oyunları gəlir. 2014-cü ildə Rusiyanın Soçi şəhərində təşkil ediləcək XXII Qış Olimpiya Oyunlarına az vaxt qalır. Qonşu Rusiya Olimpiya oyunlarına ikinci dəfədir ki, ev sahibliyi (bir dəfə yay, bir dəfə qış) edir. Məlumdur ki, XXII Yay Olimpiya Oyunları 1980-ci ildə Moskvada təşkil edilmişdi. Maraqlıdır ki, hər iki olimpiadanın sayca nömrəsi XXII və yaxud 22-dir.
Ötən il AOK-un 40-cı Baş Assambleyasına ev sahibliyi edən Soçi şəhəri 2014-cü ildə XXII Qış Olimpiya Oyunlarının iştirakçılarını və qonaqlarını qəbul edəcək. Məşhur turizm mərkəzi fevralın 7-dən 23-nə kimi dörd ildən bir təşkil edilən möhtəşəm idman bayramına ev sahibliyi edəcək. Qeyd edək ki, Soçi şəhəri XXII Qış Olimpiya Oyunlarının paytaxtı olmaq hüququnu Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2007-ci ilin iyulunda Qvatemalada keçirilən 119-cu sessiyasında əldə edib. Vankuver-2010 Qış Olimpiadasından sonra BOK-un prezidenti Jak Roqq Olimpiya bayrağını Soçi şəhərinin meri Anatoli Paxomova təhvil verib.
Qeyd edək ki, yarışlar, əsasən, Olimpiya parkında və Krasnaya Polyanada keçiriləcək. XXII Qış Olimpiya Oyunlarında idmançılar 15 idman növü üzrə 84 dəst medal uğrunda yarışacaqlar.


"Olimpiya bileti”
turistlərin rahatlığı üçündür
Soçiyə gələn qonaqların rahatlığı üçün xüsusi "Olimpiya bileti” hazırlanacaq. Rusiyanın Nəqliyyat Nazirliyinin irəli sürdüyü ideyaya əsasən Olimpiya oyunlarına gələn bütün qonaqlar nəqliyyat vasitələrində eyni biletdən istifadə edəcəklər. Rusiya hökumətinin rəhbərliyi vahid bilet ideyasını dəstəkləyib. Hökumət hesab edir ki, Olimpiya oyunlarının əsas məsələlərindən biri məhz nəqliyyat vasitələrinin işinin düzgün qurulmasıdır. "Nəqliyyatın sistemə salınması Olimpiya oyunları zamanı Soçinin gündəlik həyatının iflic vəziyyətə düşməsinin qarşısını alacaq. Biz çalışacağıq ki, Soçinin qonaqları özlərini rahat hiss etsinlər, şəhərdə tıxaclar yaranmasın”, - deyə hökumət nümayəndəsi bildirib. Rusiyanın nəqliyyat naziri İqor Levitin Soçi Olimpiadasına azarkeş qismində qatılanların nəqliyyat problemi ilə üzləşməyəcəklərini deyib. Onun sözlərinə görə, qeyri-kommersiya təşkilatı olan "Olimpiya oyunları-2014-ün Nəqliyyat Müdiriyyəti” min ədəd avtobus və iki min ədəd minik maşını alacaq. Bu nəqliyyat vasitələri azarkeşlərin daşınmasına yönəldiləcək. Bundan başqa, azarkeşlərə xidmət göstərmək üçün səkkiz min sürücü hazırlanacaq.

Dünyanın ən uzun
şosesi Soçidə olacaq

Dünya kubokunun və 2014-cü il Qış Olimpiya Oyunlarının ev sahibi Soçidə inşa ediləcək bobsley şosesi dünyada ən uzun şosse olacaq. Qışda xizək və bobsley, yayda isə diyircəkli konki və velosoped yarışlarının keçirilməsi nəzərdə tutulan bu şosenin ümumi uzunluğu 1814 metrdir. Arenanın layihəsi alman mütəxəssisləri tərəfindən hazırlanıb. Təşkilat Komitəsinin verdiyi məlumata görə, hazırda bu obyektdə son tamamlama işləri aparılır.

Olimpiya oyunlarında
25 min könüllü olacaq

Soçi-2014 Qış Olimpiya Oyunları Təşkilat Komitəsinin verdiyi məlumata görə, könüllülərlə bağlı məsələ, demək olar ki, öz həllini tapıb. Rusiyanın müxtəlif yerlərindən Təşkilat Komitəsinə 250 min ərizə daxil olub. Ərizələrin qəbulu martın 1-də başa çatıb. Təşkilat Komitəsi 250 min nəfərin arasından 25 min könüllü seçib. Məlumat üçün deyək ki, Olimpiya oyunlarında könüllü kimi iştirak etmək istəyənlərin əksəriyyəti Rusiyanın regionlarını təmsil edir. Təşkilat Komitəsi hesab edir ki, Soçi-2014 Olimpiadası üçün seçilən könüllülər öz işlərini yüksək səviyyədə yerinə yetirmək qabiliyyətinə malikdirlər.

Təşkilat Komitəsinə
inananlar çoxalır

Rusiyalıların əksəriyyəti Soçi-2014 Qış Olimpiya Oyunlarının yüksək səviyyədə keçəcəyinə inanırlar. Bugünlərdə ölkə əhalisi arasında keçirilən rəy sorğusunun nəticələri belə deməyə əsas verir.
Rəy sorğusu Rusiyanın 46 vilayəti və muxtar respublikalarının 138 yaşayış məskənində təşkil edilib. Müxtəlif təbəqələri təmsil edən 1600 respondentin əsas hissəsi (84 faiz) Rusiyanın XX Qış Olimpiya Oyunlarını lazımı səviyyədə təşkil edəcəyinə əmin olduğunu bildirib. Qeyd edək ki, 2010-cu ildə respondentlərin 77 faizi bu fikirdə olub. Respondentlərin cəmi 6 faizi bu möhtəşəm mərasimin uğurlu olacağına şübhə ilə yanaşıb. Olimpiadanın təşkilatçılığı ilə bağlı müsbət rəy söyləyənlər arasında Moskva və Sankt-Peterburq sakinləri çoxluq təşkil edir (94 faiz). Bu isə o deməkdir ki, moskvalılar və sankt-peterburqluların daha 5 faizi Soçi Olimpiadasının təşkilatçılarına inanır. 57 faiz (2010-cu ildə 53 faiz) rusiyalı əmindir ki, Soçi-2014-ün Təşkilat Komitəsi bundan əvvəlki ev sahiblərinin (Turin-2006, Vankuver-2010) uğurunu təkrarlamaq iqtidarındadır. Rusiya Olimpiya yığmasının Soçidə qızıl medalların sayına görə birinci olacağına inananlar da çoxalıb (2010 - 21 faiz, 2011 - 26 faiz).

Olimpiadanın markaları buraxılacaq

Soçi-2014 Olimpiya Oyunları Təşkilat Komitəsi marka buraxmağa qərar verib. Olimpiya markaları 6 dildə - rus, ingilis, fransız, alman, ispan və çin dillərində çap olunacaq.
Poçt markalarında Soçi şəhəri və onun görməli yerlərinin (Krasnaya Polyana, dəniz vağzalı, Böyük Axun dağı, Volkon sərdabəsi və Soçi Milli Parkı) təsviri veriləcək. Bir vərəq kağızda dörd marka təsvir olunacaq və onların hər birində təsvir olunan obyektlər haqqında məlumat veriləcək. Olimpiya markalarının satışına bu ilin payızından başlanılacaq. Markaların dəyəri 15, 20, 25 və 35 rubl arasında olacaq. Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko markaların dövriyyəyə buraxılması ilə əlaqədar deyib: "Olimpiya markalarının buraxılmasından artıq 115 il (Afina-1896) keçir. Biz Moskva-1980 Olimpiadasındakı poçt ənənəsini davam etdirmək istəyirik. O vaxt 70 növdə marka dövriyyəyə buraxılmışdı. Markaların ümumi satışından alınan gəlirin məbləği 21 milyon dollar təşkil edirdi. Unikal nümunələrlə bu uğuru bir daha təkrarlamaq istəyirik”.


Olimpiya medallarının təqdimatı olub

2014-cü il Soçi Qış Olimpiya və Paralimpiya Oyunları medallarının təqdimatı olub. Mərasim Sankt-Peterburq şəhərində keçirilib.
Medalları 2006-cı il Olimpiadasının konkisürmə üzrə qalibi Svetlana Jurova ilə 2012-ci il Paralimpiadasının 2 qat çempionu Fyodor Trikoliç təqdim ediblər. Olimpiya medallarının çəkisi 460 qramdan 531 qramadək, paralimpiya medallıarının çəkisi isə 585 qramdan 686 qramadəkdir. Bütün medalların qalınlığı 10 mm, diametri 100 mm-dir.

Sərhədçilərin sayı artırılacaq

XXII Qış Olimpiya Oyunları dövründə təhlükəsizliyin təmin edilməsi üçün Rusiyanın digər bölgələrindən Soçiyə əlavə sərhədçilər gətiriləcək. Onların sayının min nəfərdən çox olacağı gözlənilir.
"Biz, əsasən, sərhəd buraxılış məntəqəsində çalışan əməkdaşları Soçiyə gətirməyi düşünürük. Hazırda bu işlə bağlı planlaşdırma aparılır. Soçidə olan sərhədçilər dəstəsinin tərkibi azdır. Məhz buna görə də əlavə qüvvə cəlb etməyə məcburuq. Düşünürəm ki, Soçi Olimpiadasının təhlükəsizliyini tam təmin etməyə gücümüz çatacaq”, - deyə Rusiya Federasiyası Sərhəd Xidmətinin müavini, general-polkovnik Nikolay Rıbalkin bildirib.

Dövlət federasiyalar üçün əlavə vəsait ayırdı

Rusiya Olimpiya Komitəsi (ROK) qış idman növlərinin inkişafı üçün 1 milyard rubldan artıq vəsait ayırmağa qərar verib. Bu barədə məlumat ROK-un prezidenti Aleksandr Jukov tərəfindən yayılıb.
"Ümumilikdə, bütün federasiyalara 1,5 milyard rubl vəsait xərclənib. Soçi Olimpiadasından öncə daha bir milyard rubl xərclənəcək. Burada əsas istiqamət tibbi məsələlərə, ləvazimatın alınmasına yönəldilib”, - deyə qurumun prezidenti bildirib.

2500 dopinq analizi götürüləcək

Soçi-2014 Qış Olimpiya Oyunları Təşkilat Komitəsinin dopinq nəzarəti departamenti idarəsinin rəhbəri Aleksey Slautinin məlumatına görə, olimpiadada 2500 dopinq analizi götürüləcək. Bu, Vankuver-2010 Olimpiadası ilə müqayisədə (2149) çoxdur. Ümumiyyətlə, Soçidə 13 dopinq nəzarəti stansiyası fəaliyyət göstərəcək. Bunlardan 10-u yarış obyektlərində, 3-ü isə Olimpiya kəndində quraşdırılacaq. Slautinin sözlərinə görə, XXII Qış Olimpiadasında dopinq nəzarəti üzrə 29 stansiya rəhbəri, 147 inspektor, qan analizi götürmək üçün 34 tibb işçisi, 34 əlaqələndirici və 352 laborant fəaliyyət göstərəcək.
Təhlükəsizliyi 30 min polis işçisi qoruyacaq
Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev ABŞ-a işgüzar səfəri çərçivəsində olimpiada dövründə silah-sursat satışına məhdudiyyət qoyulacağı barədə məlumat verib.
"Təhlükəsizliyin təmin edilməsi məqsədilə olimpiada dövründə silah-sursat, eləcə də partlayıcı və zəhərli maddələrin satışına məhdudiyyət qoyulacaq. Olimpiada iştirakçılarının və qonaqlarının təhlükəsizliyini 30 min asayiş keşikçisi və daxili qoşunların əsgərləri qoruyacaqlar”, - deyə Rusiyanın daxili işlər naziri bildirib.
Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozak da jurnalistlərlə görüşündə Soçi Olimpiadasının təhlükəsizliyi ilə bağlı danışıb.
"ABŞ-ın Boston şəhərində marafon yarışlarında baş verən terror aktı bizi daha diqqətli olmağa vadar edir. İnsanların təhlükəsizliyinin təminatı bizim əsas işimizdir. Əlimizdən gələni edəcəyik ki, XXII Qış Olimpiadasında faciə baş verməsin. Hazırda Olimpiya qurğularında test yarışları keçirilir. Amma demək olmaz ki, biz hər şeyə hazırıq. Təhlükəsizliyin təminatı üçün, Bostonda həyata keçirilən terror aktının Soçidə təkrarlanmaması üçün bütün tədbirlərin hər bir xırdalıqları təhlil olunmalıdır”, - deyə Dmitri Kozak bildirib. Xatırladaq ki, aprelin 19-da Bostonda təşkil olunan marafon yarışında terror aktı törədilib. Partlayış zamanı 3 nəfər həyatını itirib, 183 nəfər isə yaralanıb.
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) vitse-prezidenti Tomaş Bax isə deyib ki, Soçi-2014 Olimpiadasında təhlükəsizliyin təminatı prioritet məsələ olmalıdır. "Boston marafonunda baş verən terror aktı hamımızı narahat edir. Həyata keçirilən partlayışla idman yarışlarının təhlükəsizliyin ciddi şəkildə qorunmasını önə çəkir. Bu baxımdan, hesab edirəm ki, Soçi-2014 Qış Olimpiya Oyunlarında idmançıların və turistlərin təhlükəsizliyi yüksək səviyyədə həyata keçirilməlidir. Əminəm ki, Rusiya hökuməti Soçidə heç bir hadisənin baş verməməsi üçün əlindən gələni edəcək. Unutmaq olmaz ki, ən vacib məsələ təhlükəsizliyin təminatıdır”, - deyə Tomaş Bax Soçidə təşkil olunan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının konqresində bildirib.


30-a yaxın obyekt mühafizə altına alınıb

Rusiyanın hüquq-mühafizə orqanlarının iştirakı ilə 2014-cü ildə təşkil ediləcək XXII Qış Olimpiya Oyunlarının obyektlərində təhlükəsizlik tədbirləri məqsədilə monitorinq keçirilib.
"Hər ay Olimpiya obyektlərində radiasiya, kimyəvi və bioloji təhlükəsizliyin təmin edilməsi və terror əleyhinə tədbirlərin görülməsi üçün monitorinq keçirilir. 29 obyekt tamamilə ciddi rejimli nəzarət altındadır”. Bu məlumatı Rusiya Daxili İşlər Nazirliyi verib.
Nazirliyin məlumatında bildirilir ki, asayiş keşikçiləri Soçi-Krasnaya Polyana dəmiryolu xəttinin də təhlükəsizlik məsələlərini nəzərdən keçiriblər.


Prezident və baş nazir Olimpiya obyektlərinə baş çəkiblər

Rusiya Prezidenti Vladimir Putin və Böyük Britaniyanın baş naziri Devid Kemeron Soçidəki Olipmiya obyektlərinə baş çəkiblər. Rəsmilər XXII Qış Olimpiya Oyunlarının keçiriləcəyi dağ və sahil zonasında aparılan hazırlıq işləri ilə tanış olublar. Gəzinti zamanı hər iki dövlət rəsmisi tikintisi 2013-cü ilin payızında başa çatdırılacaq "Fişt” Olimpiya stadionu ilə xüsusilə maraqlanıblar.
Yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibə verən Böyük Britaniyanın baş naziri Devid Kemeron deyib: "Biz Vladimir Putinlə Soçi-2014 Qış Olimpiya Oyunlarının təhlükəsizliyinin təmin edilməsi bağlı əməkdaşlıq etmək barədə razılığa gəlmişik və bu işdə sizə köməklik göstərəcəyik”.


Gürcüstan olimpiadada iştirak edəcək

Gürcüstan Olimpiya Komitəsinin (GOK) fövqəladə sessiyası öz idmançılarının 2014-cü ildə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında iştirakı ilə bağlı müsbət qərar çıxarıb.
GOK-un prezidenti Leri Xabelov deyib: "Gürcüstan idmançılarının olimpiadada iştirak edib-etməyəcəyi ilə bağlı qərar mayın 5-dək verilməli idi. Biz qərara gəldik ki, Gürcüstan Olimpiya Komitəsinin növbədənkənar sessiyasında bu məsələni səsvermə yolu ilə həll edək. Sessiyada müsbət qərar çıxarıldı”.
Qeyd edək ki, Gürcüstan Olimpiya yığması Soçi-2014 Olimpiadasında 59 nəfərlə təmsil olunacaq.


Prezident olimpiadanın xərcləri barədə danışıb

Rusiya Prezidenti Vladimir Putin Soçi-2014 Olimpiadasının hazırlığına ayrılan məbləğ barədə açıqlama verib. Onun sözlərinə görə, Olimpiya oyunları üçün federal büdcədən 99 milyon rubl ayrılıb.144 milyard rubl isə səhmdarların payına düşüb. "Olimpiadaya hazırlıqla bağlı müxtəlif fikirlər səslənməkdədir. Mən rəsmi şəkildə bildirirəm ki, Soçi-2014 Olimpiya Oyunlarına federal büdcədən 99 milyard rubl ayrılıb. Obyektlərin tikintisinə səhmdarlar tərəfindən 144 milyard vəsait xərclənəcək. Qeyd etdiyim pullar Soçidə 2 media kəndinin, 14 idman qurğusunun və 22 ədəd təchizat obyektinin inşasına sərf olunacaq”, - deyə Vladimir Putin bildirib. Rusiya Prezidenti əlavə edib ki, Soçidə işlər cədvəl üzrə aparılır və qurğular nəzərdə tutulan vaxta qədər hazır olacaq.


Oyunlara qədər 1,5 milyon ton təbii qar toplanmalıdır

Soçi-2014 Olimpiya Oyunlarının qarşılaşa biləcəyi ən böyük problem təbii qarla bağlıdır. Belə ki, oyunlar üçün 1,5 milyon ton ehtiyat təbii qar toplanmalıdır. Mütəxəssislər hesab edirlər ki, havalar istiləşdikdən sonra qarın toplanması çox çətin olacaq. Düzdür, təbii qarın "konservləşdirilməsi” işinə çoxdan başlanılıb. Məsələn, 15 dəst medal uğrunda yarışların keçiriləcəyi "Roza Xutor” dağ xizəyi kurortunda artıq 3 ildir ki, qar toplanır. Kurortun Soçi filialının direktoru Aleksandr Belokovilski bu məsələ ilə bağlı deyib: "Topladığımız qarın üstünü taxta qırıntıları ilə örtdük. Ancaq onun növbəti mövsümdə rəngini dəyişərək yararsız hala düşdüyünü gördük. Uzunmüddətli axtarışlardan və xarici mütəxəssislərlə məsləhətləşdikdən sonra ideal variant axtarıb tapdıq. İndi topladığımız qarı keyfiyyətlə və yüksək səviyyədə saxlamaq imkanı əldə etmişik”.
Qeyd edək ki, "Roza Xutor”da toplanan qar 120 min kv.metr sahəni əhatə edir.
Hazırladılar:
Hürrü Abdullayev,
Anar Əhmədov