Tofiq Xanəliyev: “Napoli Universiadasına hazırlıq işləri yekunlaşıb”

Tofiq Xanəliyev: “Napoli Universiadasına hazırlıq işləri yekunlaşıb”


Napoli Universiadasına hazırlıq işləri yekunlaşıb. Həm idman obyektləri, həm idmançıların məskunlaşacağı məkanlar, həm də hotellər yarış üçün tam hazır vəziyyətə gətirilib. Yarışla bağlı hər şey tam qaydasındadır. Bu sözləri olimpnews.az saytına açıqlamasında "Gənclik” Tələbə İdman Cəmiyyətinin sədri Tofiq Xanəliyev bildirib.
"Bu il Tələbələrin XXX Yay Universiadası İtaliyanın Napoli şəhərində keçiriləcək. Bu yaxınlarda elə bu məsələ ilə bağlı İtaliyada konfrans təşkil olundu. Napolidə təşkil olunan konfransda universiadada iştirak edəcək ölkələrin nümayəndələri iştirak edirdilər. Tədbirdə yarışa hazırlıq, idman obyektləri, hotellər və digər məsələlər barədə məlumatlar verildi”, - deyə Tofiq Xanəliyev bildirib.
Tofiq Xanəliyev digər universiadalarda olduğu kimi Napoli Universiadasında yüksək nəticə gözlədiyini qeyd edib. "Komandamız Napoli Universiadasında 6 idman növündə 21 idmançı ilə təmsil olunacaq. Tələbə-idmançılarımız bu yarışlarda atletika, cüdo, qılıncoynatma, artistik gimnastika, ritmik gimnastika və taekvondo idman növlərində iştirak edəcək. Komandamız universiada yarışlarına yüksək səviyyədə hazırlaşır. Azərbaycan idmançıları hər zaman tələbələrin yay universiadalarında ölkəmizə medallar qazandırıblar. İnanıram ki, atletlərimiz Napoli Universiadasından da bu uğuru təkrarlayaraq ölkəmizə medallarla qayıdacaqlar. Çalışırıq ki, ən güclü idmançılarımız Napolidə iştiak etsinlər. Komandamızın heyəti təcrübəli idmançılardan formalaşıb. Taekvondo, atletika, cüdo idman növlərində nəticələr gözləyirəm. Əsas medal ümidlərimiz qeyd etdiyim bu idman növlərində çıxış edəcək idmançılardır. Lakin bu o demək deyil ki, digər idmançılarımız zəifdir və biz onlardan medal gözləmirik. Komandamızda yer alan hər bir idmançımız medal qazanmaq patensialına malikdir. İnanıram ki, Napoli Universiadası komandamız üçün uğurlu olacaq”, - deyə Tofiq Xanəliyev bildirib.