Minsk-2019: 2 Güləşçimiz ikinci Avropa Oyunlarının finalına vəsiqə qazanıb

Minsk-2019: 2 Güləşçimiz ikinci Avropa Oyunlarının finalına vəsiqə qazanıb


İyunun 26-da Azərbaycanın 2 sərbəst güləşçisi finala vəsiqə qazanıb.
"Minsk 2019”un sərbəst güləş yarışlarında 97 kiloqram çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev yarımfinalda Ukrayna təmsilçisi Murazi Mçedlidzeyə qalib gəlib - 7:0. Güləşçimizin finaldakı rəqibi Rusiya pəhləvanı Abdulrəşid Sadullayev olacaq. Final qarşılaşması iyunun 27-də baş tutacaq.
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının çempionu və iki dəfə Avropa çempionatlarının bürünc mükafatçısı olan N.Hacıyev ikinci Avropa Oyunlarında səkkizdəbir finalda polşalı Radoslav Baranı (8:0), dörddəbir finalda isə Gürcüstan təmsilçisi Elizbar Odikadzeni (7:3) məğlubiyyətə uğradıb.
Finala vəsiqə qazanan 2-ci güləşçimiz Hacı Əliyev yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohannesyanı məğlubiyyətə uğradıb. Görüşün ilk yarısı H.Ohanesyanın üstünlüyü ilə başa çatıb. İkinci hissədə isə H.Əliyev rəqibdən 4 xal alaraq hesabda önə çıxıb. Rəqib etirazla əlavə bir xal alaraq görüşü 4:4 hesablı heç-heçə ilə tamamlasa da, qələbə qarşılaşmada daha fəal olan Azərbaycan təmsilçisinə verilib.

Mübarizəyə səkkizdəbir finaldan başlayan H.Əliyev əvvəlcə Ermənistan təmsilçisi Volodya Franqulyanı, növbəti mərhələdə isə Belarus idmançısı Georgi Kolıevi məğlub edib. O, finalda Gürcüstan təmsilçisi Vladimer Xinçeqaşvili ilə üz-üzə gələcək. Final görüşü iyunun 27-də keçiriləcək.
Üçqat dünya və üçqat Avropa çempionu olan Hacı Əliyev "Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, "Bakı 2015” birinci Avropa Oyunlarının qalibidir.