Cəzaçəkmə müəssisəsində breyn-rinq intellektual yarışı keçirildi

Cəzaçəkmə müəssisəsində breyn-rinq intellektual yarışı keçirildi



Son dövrlərdə bütün müəssisələrdə-elm, təhsil ocaqlarında, sağlamlıq mərkəzlərində, istehsal müəssisələrində bədən tərbiyəsi və idman geniş vüsət alıb. Bu ənənə cəzaçəkmə müəssisələrində də davam etdirilir. Azadlıqdan müvəqqəti məhrum edilən insanların həm fiziki, həm də intellektual cəhətdən inkişafı üçün bütün cəzaçəkmə müəssisələrində hərtərəfli şərait yaradılıb.
Cəzaçəkmə müəssisəsindəki məhbusların asudə vaxtlarını səmərəli keçirmələri və azad cəmiyyətə inteqrasiyası üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Milli Olimpiya Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında "Cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, idmana maraqlarının artırılması və vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə birgə görüləcək işlərə dair” müqavilə imzalanmışdır.


Bu müqavilədə əksini tapan tədbirlər planına əsasən, tanınmış idmançılarla 4 saylı cəzaçəkmə müəssisəsinin məhbus qadınları arasında görüş və voleybol yarışları təşkil edilib. Daha sonra 6 saylı cəzaçəkmə müəssisəsində Olimpiya çempionları və mükafatçıları ilə görüş, 15 saylı cəzaçəkmə müəssisəsində məhbuslarla idman jurnalistləri arasında şahmat turniri keçirilib. Həmçinin Milli Olimpiya Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə layihəsi əsasında 15 saylı cəzaçəkmə müəssisəsində təşkil edilən tədbir daha əlamədar olmuşdur. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, ədliyyə nazirinin müavini, ədliyyə general-leytenantı Nazim Ələkbərov, Olimpiya çempionlarımız və Olimpiya mükafatçılarımız, ATƏT-in Bakı ofisinin və Avropa şurasının ölkəmizdəki nümayəndələri iştirak etmişdilər. Həmin gün 15 saylı cəzaçəkmə müəssisəsində idman zalı, kompüter otağı və ibadət otaqları məhkumların istifadəsinə verilmişdi. Tədbir iştirakçıları stolüstü tennis, bilyard zalı, həmçinin güləş, boks və digər idman növləri ilə məşğul olmaq üçün yaradılan şəraitlə tanış olmuşdular. MOK-un vite-prezidenti Çingiz Hüseynzadə Milli Olimpiya Komitəsi tərəfindən idman zalına trenajor hədiyyə etmiş, Azərbaycanın idman tarixindən bəhs edən çoxsaylı kitablar, jurnal və qəzetlər Penitensiar Xidmətin kitabxanaları üçün təqdim olunmuşdu.
İyunun 28-də isə Milli Olimpiya Komitəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə İşinin Təşkili İdarəsi ilə birgə 2 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan müvəqqəti məhrum edilmiş məhkumlar arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə breyn-rinq intellektual yarışı keçirdi. Tədbirdə 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini, ədliyyə mayoru Ədalət Cəbrayılov, Pentensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin inspektoru, ədliyyə baş leytenantı Mahir Həsənov, "Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev və digər şəxslər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə 2 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini, ədliyyə mayoru Ədalət Cəbrayılov açaraq, son illərdə ölkəmizdə idmana və idmançılara yaradılan şəraitdən, diqqət və qayğıdan danışdı. O qeyd etdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qayğının nəticəsidir ki, ölkəmizdə idman yüksək səviyyədə inkişaf edir, təmsilçilərimiz müxtəlif mötəbər yarışlardan vətənə medallarla dönürlər. "Ölkə idmanının inkişafı və kütləviliyi təkcə respublikamızda deyil, həmçinin dünya idman aləmində müsbət hal kimi qiymətləndirilir. Bu gün cəzaçəkmə müəssisəsində keçirilən bu tədbirdə məhkumlar intellektual cəhətdən hazırlıqlı olmalarını nümayiş etdirəcəklər. Belə tədbirlər azadlıqdan müvəqqəti məhrum edilmiş insanlara mənəvi dəstək verir. Mən bu görüşün təşkilatçılarına öz minnətdarlığımı bildirirəm”, - deyə o bildirdi.
Tədbir iştirakçılarını salamlayan "Olimpiya dünyası” qəzetinin baş redaktorunun müavini Aslan Şirəliyev belə tədbirlərin bundan sonra da təşkil ediləcəyini qeyd etdi: "Azərbaycan Milli Olimpiya Komitəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında bağlanmış rəsmi müqaviləyə əsasən cəzaçəkmə müəssisələrində müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında idman oyunları, həmçinin bu gün təşkil olunmuş intellektual oyunlar da vardır. Ölkəmizdə həyata keçirilən uğurlu idman siyasəti nəticəsində indi hamı sərbəst surətdə idmanla fəal məşğul olmaq imkanı əldə edib. İdman sərhəd tanımır və belə bir imkan cəzaçəkmə müəssisələrindəki soydaşlarımız üçün də yaradılıb. İndiyədək bir neçə cəzaçəkmə müəssisəsində Milli Olimpiya Komitəsi tərəfindən keçirilən tədbirlər də bunu sübut edir. Bu layihələrin həyata keçirilməsində əsas məqsədlərdən biri də məhbuslar arasında idmanın kütləviliyini artırmaq, həmçinin onların intellektual cəhətdən inkişaf etməsinə və azad cəmiyyətə inteqrasiyasına kömək etməkdir. Belə tədbirlərin ənənə halını almasına Milli Olimpiya Komitəsi öz köməkliyini bundan sonra da göstərəcəkdir”.
Sonra çıxış etmək üçün söz Pentensiar Xidmətin tərbiyə işinin təşkili idarəsinin inspektoru, ədliyyə baş leytenantı Mahir Həsənova verildi. O, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. Mahir Həsənov Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində olan məhbusların azad cəmiyyətə inteqrasiyası üçün həyata keçirilən layihələrdən danışdı. O, cəzaçəkmə müəssisələrində məhkumların lazımi şəraitlə təmin olunmaları üçün ardıcıl tədbirlərin həyata keçirildiyini vurğuladı: "Cəzaçəkənlərin mənəvi və fiziki səviyyələrinin yüksək olması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. İndi ölkəmizdə hər bir sahə sürətlə inkişaf edib və bu inkişaf cəzaçəkmə müəssisələrində də özünü göstərir. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütün sahələrə göstərdiyi diqqət və qayğı azadlıqdan müvəqqəti məhrum edilmiş insanlar tərəfindən də sevinclə qarşılanır”, - deyə o əlavə etdi.
Çıxışlardan sonra məhkumlar arasında intellektal yarışa start verildi. Gərgin keçən bilik yarışmasında qalib gələn komandalar diplomla mükafatlandırıldılar.