Qadın hokkeyçilərimiz təlim-məşqləri davam etdirirlər

Qadın hokkeyçilərimiz təlim-məşqləri davam etdirirlər

Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu il iyulun 22-dən 28-dək Fransanın Camrai şəhərində Avropa çempionatında mübarizə aparacaq. 2011-ci ildə koreyalı məşqçilərin rəhbərliyi qitə birinciliyində uğursuz çıxış edərək yüksək dəstəni tərk edən yığmamız hazırda baş məşqçi Adil Paşayevin başçılığı altında yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçir. Bu məqsədlə millimiz iyunun 28-də təlim-məşq toplanışı və yerli hokkeyçilərlə bir-neçə yoxlama oyunu keçirmək üçün Polşaya yola düşüb. Artıq həmyerlilərimiz Poznan şəhərində həmin ölkənin milli komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayıb. Qadın hokkeyçilərimiz ilk görüşdə 3:4 hesabı ilə uduzsalar da 2-ci oyunda qələbə qazanıblar-4:2. Topları rəqib qapısından Xatirə Əliyeva(2), Anastasiya Tsıqanskaya və Yuliya Muradi keçiriblər. Sabah millimiz Polşa hokkeyçiləri ilə axırıncı sınaq oyununu keçirdikdən sonra Çexiyanın paytaxtı Praqaya yola düşəcəklər. İyulun 3-də , 4-də və 7-də yerli hokkeyçilərlə qarşılaşan komandamız iyulun 5-də Avstriya yığması ilə də bir görüş keçirəcəklər.
Onu da xatırladırıq ki, qarşıdakı Avropa çempionatında millimizin "A” qrupundakı rəqibləri Ukrayna, Fransa və Litva təmsilçiləri olacaqlar. "B” qrupuna daxil olan italiyalılar isə Rusiya, Polşa və Avstriya hokkeyçiləri ilə yarışacaqlar.