Bakı-2019-un yeni ulduz səfirləri elan edilib

Bakı-2019-un yeni ulduz səfirləri elan edilib


İyulun 21-də "Baku Crystall Hall”da keçiriləcək möhtəşəm açılış mərasimi ilə start götürəcək XV Avropa Gənclər Olimpiya Festivalının başlanmasına iki həftədən bir qədər çox vaxt qalıb. Dörd minə yaxın idmançı, texniki heyət və digər qonaqların qatılacaqları festival 14-18 yaşlı yeniyetmələr arasında keçirilən və Avropada böyük maraqla izlənilən idman yarışlarındandır.
Yarışların keçirilməsinə 3500 könüllü cəlb olunub. Onlarla bağlı təşkil olunan təlimlər başa çatmaq üzrədir. Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcək, yarışları izləmək üçün ölkəmizə gələcək turistlərə lazımi məlumatlar verəcəklər.
Könüllülərlə bağlı həm də yaxın günlərdə "EYOF Bakı 2019” günü Gəncədə” adlı maraqlı konsert proqramından ibarət tədbirin də keçirilməsi planlaşdırılır. Azərbaycanlı incəsənət ustaları Nadir Qafarzadə və Elton Hüseynəliyev "Könüllülərin ulduz səfiri” elan ediliblər. Bundan əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məşhur aparıcı Hacı Nuran da Festival könüllülərinin "Ulduz səfirləri” elan olunublar. Onlar Festivala hazırlıq və yarışlar vaxtı ölkəmizin, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü məşğul olacaq və gənclərin qatıldıqları tədbirlərdə fəal iştirak edəcəklər.
Azərbaycan həmişə olduğu kimi, bu tədbirə də xüsusi maraqla hazırlaşır. Yalnız yerli mütəxəssislərdən ibarət əməliyyat qrupu bütün idman məkanlarında yoxlama işləri aparıb. Hazırlıq işləri artıq başa çatdırılmaqdadır. Atletlər Kəndi də tam hazır vəziyyətdədir. On iki yarış məkanı iyulun 21-27-də qapılarını bütün idmansevənlər üçün açacaq.
Festivalda idman yarışlarını izləmək üçün biletlər pulsuzdur. Hər bir şəxs şəxsiyyət vəsiqəsi ilə dörd bilet əldə edə bilər. Bu imtiyaz şagirdlərə də şamil olunur. İdman müəllimləri isə Festivalın Əməliyyat Komitəsinə müraciət edərək daha çox bilet ala bilərlər.