Kişi qılıncoynadanlarımız universiadanın şəxsi yarışlarında mübarizə aparıblar

Kişi qılıncoynadanlarımız universiadanın şəxsi yarışlarında mübarizə aparıblar

İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında Azərbaycan qılıncoynadanları mübarizəyə başlayıblar.
Kişi sablyaçıların şəxsi yarışında Cavanşir Ağakişiyev qrup mərhələsində keçirdiyi altı görüşdən ikisini qələbə ilə başa vuraraq otuzikidəbir finala yüksəlib. Ağakişiyev bu mərhələdə Ukrayna idmançısı Boqdan Platona 13:15 hesabı ilə uduzub.
Şpaqaçılarımızdan Ruslan Həsənov, Fərrux Səfərov və Xalid Əliyev də kişilərin şəxsi yarışında çıxış ediblər. Qrup mərhələsini üç qələbə ilə başa vuran Ruslan Həsənov otuzikidəbir finalda isveçrəli Çarls-Erik Osvala 11:15 hesabı ilə uduzub.
Qrup mərhələsində eyni nəticəni göstərən Xalid Əliyev isə otuzikidəbir finalda Hyomin Yanqa (Cənubi Koreya) 7:15 hesabı ilə məğlub olub.
Fərrux Səfərov isə qrupda keçirdiyi altı görüşdən ikisində qalib gəlsə də, bu nəticə onun pley-offa yüksəlməsinə imkan verməyib.