Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azərbaycanın gənc yunan-Roma güləşçiləri çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcəsində mübarizə aparırlar.
Yeniyetmələrin Sinqapur-2010 Olimpiadasının qalibi Elman Muxtarov (60 kq) mübarizəyə 1/16 final mərhələsindən qoşulub. Ardıcıl olaraq finlandiyalı Cerri Pitkaneni, xorvatiyalı Kristian Simatiçi məğlub edən güləşçimizin 1/4 finalda rəqibi Almaniya təmsilçisi Deniz Menekşe olub. Bu görüşü də uğurla başa vuran E.Muxtarov yarımfinala vəsiqə qazanıb. Elman yarımfinalda gürcüstanlı güləşçi Kviça Tçitavanı məğlub etsə də, həlledici görüşdə rusiyalı Artur Suleymanova uduzub və yarışı gümüş medalla başa vurub.
Ölkəmizə ikinci medalı yarışda 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramiz Məmmədov qazandırıb. İlk görüşdə rusiyalı güləşçi Batır Bultayevlə üz-üzə gələn R.Məmmədov rəqibinə tam üstünlüklə qalib gəlib. Təəssüf ki, güləşçimiz 1/4 finalda gürcüstanlı İrakli Şavadzeyə uduzub. Rəqibinin finala yüksəlməsi idmançımıza bürünc medal qazanmaq şansı verib. Üçüncü yer uğrunda görüşdə R.Məmmədov Türkiyə təmsilçisi Yasin Karadaşlıya qalib gəlib.
olimpnews.az