Güləşçimiz Avropa çempionatının qızıl medalını qazandı

Güləşçimiz Avropa çempionatının qızıl medalını qazandı




Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı başa çatıb. Çempionatın üçüncü günündə 44 kq, 51 kq, 59 kq və 67 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulublar. İdmançılarımız üçüncü günü 1 qızıl medalla tamamlayıb.

Güləşçimiz Sahilə Ələkbərova (44 kq) mübarizəni erkən dayandırıb. 
51 çəki dərəcəsində yarışan Patimat Baqomedova 1/4 finaldan mübarizəyə başlayıb. Polşa təmsilçisi Raula Kozlovu (6:0) məğlub edən güləşçimizin finalda rəqibi ukraynalı Lilya Horisina olub. Rəqibinə 7:1 hesabı ilə qalib gələn Patimat Baqomedova finala vəsiqə qazanıb. Yarışın finalında Rusiya təmsilçisi Stalvira Orşuşa ilə qarşılaşan güləşçimiz ona tam üstünlüklə (7:0) qalib gələrək Avropa çempionu tituluna layiq görülüb.
Digər idmançımız Alyona Kolesnik (59 kq ) ilk görüşdə İtaliya güləşçisi Karola Raineronu (8:0) mübarizədən kənarlaşdırsa da, növbəti mərhələdə Finlandiya təmsilçisi Petra Maarit Oliyə uduzub. Alyona Kolesnik təsəlliverici görüşlərə qatılsa da, bürünc medal almaq şansını əldən verib. 67 kq çəki dərəcəsində yarışan Raqnetta Qurbanzadənin ilk rəqibi isə türkiyəli Kiymet Koçyigit olub. Güləşçimiz 10:2 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb. ¼ finalda Avstriya təmsilçisi Martina Kuenzi (6:1) məğlub edən Raqnetta yarımfinala yüksəlib. Yarımfinalda onun rəqibi rusiyalı Svetlana Lipatova olub. Lakin görüş rəqib güləşçinin xeyrinə (3:1) başa çatıb. Bürünc medal uğrunda bolqariyalı güləşçi Dzanan Filippova Manolova ilə qarşılaşma da idmançımız üçün uğursuz alınıb və, Avropa çempionatını 5-ci yerdə başa vurub.

olimpnews.az