Vahid Nəzərov: “Etimadı doğrultmağa çalışacağam”

Vahid Nəzərov: “Etimadı doğrultmağa çalışacağam”

Sentyabrın 18-dən 27-nə qədər Tailandın Pattaya şəhərində ağırlıqqaldırma üzrə dünya çempionatı keçiriləcək. Sayca kişilərin 85-ci, qadınların isə 28-ci dəfə mübarizə aparacağı çempionatda planetin ən güclü idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalı uğrunda qüvvələrini sınayacaqlar. Bu cür mötəbər yarışların təşkilində və idarə olunmasında təbii ki, hakimlərin rolu az deyil. Sevindirici haldır ki, Pattayada təşkil olunacaq dünya çempionatında azərbaycanlı ədalət təmsilçisi iştirak edəcək. Belə ki, bu vaxta qədər bir neçə Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında hakim qismində təmsil olunan Vahid Nəzərov Asiyada təşkil olunacaq ağırlıqqaldırma yarışına dəvət alıb. Bu məqsədlə Vahid müəllimlə əlaqə saxlayıb, ətraflı məlumat aldıq. "Bildiyiniz kimi, gələn il bütün dünyanın diqqəti Yaponiyanın paytaxtı Tokioya yönələcək. Tarixdə ikinci dəfə "gündoğar ölkə”nin paytaxtı Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. 56 ildən sonra Olimpiya Oyunları yenidən Tokioya qayıdır. Yaponiyada təşkil olunacaq olimpiadada iştirak etmək üçün dünyanın ən güclü idmançıları qüvvələrini səfərbər edəcəklər. Atletlərlə yanaşı hakimlər də Tokio-2020-də iştirak etməyə çalışacaqlar. Hesab edirəm ki, həmin hakimləri arasında mən də yer alacağam. Lakin buna qədər beynəlxalq federasiya tərəfindən təşkil olunan yarışlarda iştirak edib, mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Tailandda keçiriləcək dünya çempionatı mötəbər yarışlardan biri hesab olunur. Artıq bu yarışda iştirak etmək üçün mənə dəvət göndərilib. Çempionatda Münsiflər Heyətinin komissarı olmaq çox məsuliyyətli işdir. Çalışacağam ki, beynəlxalq dərəcəli hakim kimi bu məsuliyyətli işin öhdəsindən gəlim. Əsas hədəf isə Tokio-2020 Yay Olimpiya Oyunlarıdır”, - deyə Vahid Nəzərov bildirdi.