Güləş yığmalarımız sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlığı davam etdirirlər. Kişi komandalarımızdan fərqli olaraq, qadınlardan ibarət millimiz ölkə xaricində təlim-məşq toplanışı keçir.
Baş məşqçi Aslan Ağayevin və məşqçi Rövşən Umudovun rəhbərliyi altında iyulun 21-dən Türkiyənin Niğdə şəhərində yerli yığma komanda ilə birgə hazırlıq keçən millimiz avqustun 4-dək toplanışı davam etdirəcək. Hazırlıq prosesi əsasən fiziki hazırlıq üzərində qurulub.
Qeyd edək ki, heyətdə gənc güləşçilərimiz də yer alıblar. Onlar avqustun 12-dən 18-dək Estoniyanın paytaxtı Tallinndə keçiriləcək gənclərin dünya çempionatına hazırlaşırlar.