Dövlət Sərhəd Xidməti (DSX) sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onlarda sərhədçi peşəsinə marağın artırılması, sağlam həyat tərzinin təbliği və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə ardıcıl tədbirlər həyata keçirir.
Bu tədbirlər çərçivəsində avqustun 10-11-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilib. Yarışda respublikamızın müxtəlif bölgələrini təmsil edən 30 komandanın heyətində 250 idmançı müxtəlif çəki dərəcələrində qüvvələrini sınayıb.
Yarışın təntənəli açılış mərasimində çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Dövlət Sərhəd Xidmətinin yaradıcısı ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini böyük minnətdarlıq hissi ilə xatırladıblar. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yuksək təşkilatçılığı ilə ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının Azərbaycan dövlətinin gücünü, iqtisadi qüdrətini, möhtəşəm tədbirləri təşkil etmək bacarığını, qazanılan qələbələrin isə ölkəmizdə idmana və idmançılara göstərilən yüksək dövlət qayğısının bariz nümunəsi olduğu vurğulanıb.
Yarışda 15 idmançısı ilə iştirak edən "Sərhədçi” komandası 6 qızıl, 4 gümüş və 2 bürünc medal qazanaraq kuboka sahib olub. İdmançılardan Mahir Məmmədov (48 kq), Camal Qasımov (55 kq), Zeyqəm Qurbanov (65 kq), Əli Əmirov (80 kq), Xəlil Allahverdiyev (92 kq), Murad Bəhlulzadə (110 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Tamaşaçıların böyük marağına səbəb olan yarışların qalibləri mükafatlandırılıb.