Komandamız ilk dəfədir ki, dünya çempionatında iştirak edir

Komandamız ilk dəfədir ki, dünya çempionatında iştirak edir


Finlandiyanın Vuokatti şəhərində səmti müəyyən etmə idman növü üzrə dünya çempionatı keçirilir. Yarış çərçivəsində idman xəritələri ilə iş, nəzarət məntəqələrinin məsafədə quraşdırılması üzrə nəzəri məşğələlər, müxtəlif parametrli məsafələrdə praktik məşqlər və seminar təşkil olunub. İclasda Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının (ARSMEİF) prezidenti Mirəli Kazımov və Azərbaycan milli yığmasının baş məşqçisi Nizami Mursakulov iştirak ediblər. Seminar çərçivəsində dünyanın 74 ölkəsindən olan komandaların iclası da keçirilib. Tədbirdə komanda nümayəndələri səmti müəyyən etmə idman növünün öz ölkələrindəki inkişaf səviyyəsindən və gələcək perspektivləri barədə ətraflı məlumat veriliblər.
İclasda çıxış edən Mirəli Kazımov Azərbaycan hökumətinin böyük dəstəyi və diqqəti sayəsində bu idman növünün ölkəmizdə surətlə inkişaf etdiyini bildirib. O, bu məqsədlə ölkəmizə xarici mütəxəssislər dəvət olunduğunu, müxtəlif təlim, seminar və praktik məşğələlər keçirildiyini vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının təşkilatçılığı ilə Finlandiyanın Vuokatti şəhərində keçirilən səmti müəyyən etmə idman növü üzrə dünya çempionatına iyulun 14-də yekun vurulacaq. Ölkəmiz müstəqil Azərbaycanın tarixində ilk dəfə bu çempionatda təmsil olunur. Milli yığmamızın tərkibinə 4 idmançı - Mirəli Kazımov, Faiq Bağırov, Yana Maşkova və Natalya Əliyeva daxildirlər.