Doğu Akdeniz Universitetinin rektoru ilə KİVDF-də görüş keçirilmişdir

Doğu Akdeniz Universitetinin rektoru ilə KİVDF-də görüş keçirilmişdir


Bugünlərdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli Şimali Kiprin Doğu Akdeniz Universitetinin rektoru Abdullah Öztoprakla görüşmüşdür. Görüşdə müxtəlif media orqanlarını təmsil edən KİV nümayəndələri, həmçinin Şimali Kiprin Bakı Nümayəndiliyinin rəhbəri Sadəddin Topukçu, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da iştirak etmişlər. Qonaqları salamlayan Vüqar Səfərli bildirmişdir ki, Azərbaycanla Şimali Kipr arasında əlaqələr intensiv tərəqqi yolundadır: "Müxtəlif sahələri əhatə edən bu əlaqələr təhsil sferasında daha dinamik şəkildə inkişaf etməkdədir”, - deyə o əlavə etmişdir.
Azərbaycan media nümayəndələrinin Şimali Kiprə səfərini xatırladan Vüqar Səfərli sonra bildirmişdir: "Həmin səfər zamanı Azərbaycan media nümayəndələri Doğu Akdeniz Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşmüşdür. Məlumat üçün qeyd edim ki, Şimali Kipr universitetlərində 1000-dən artıq azərbaycanlı tələbə təhsil alır. Onların da təxminən yarısı Doğu Akdeniz Universitetinin tələbəsidir”.
Görüşdə çıxış edən Şimali Kiprin Bakı Nümayəndəliyinin rəhbəri Sadəddin Topukçu isə demişdir ki, təmsilçisi olduğu ölkə Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir. Onun sözlərinə görə, Şimali Kiprdə 7 universitet fəaliyyət göstərir və onlar yüksək keyfiyyətli təhsil verirlər: "Biz daha çox sayda azərbaycanlı tələbənin bu keyfiyyətli təhsildən faydalanmasını istəyirik. Xalqlar arasındakı münasibətlərin təhsil sahəsində də genişlənməsini daim diqqət mərkəzində saxlayırıq. Çünki xalqlararası münasibətlərin inkişafında təhsil önəmli vasitədir. Şimali Kiprə gedən azərbaycanlı tələbələr burada 5 il qalır və ölkənin mühitinə daha yaxından bələd olurlar. Bu mənada xalqlar arasındakı münasibətlərin inkişaf etməsində təhsil mühüm əhəmiyyət kəsb edir”, - deyə o bildirmişdir.

Doğu Akdeniz Universiteti barədə məlumat verən Abdullah Öztoprak isə qeyd etmişdir ki, rəhbəri olduğu universitet 1979-cu ildə yaranmışdır. Universitetin 11 fakültəsinin olduğunu deyən Abdullah Öztoprak həmin fakültələrin təyinatı ilə bağlı geniş məlumat vermişdir. Universitetin 3 milyon kvadratmetr sahəsi olan ayrıca düşərgədə yerləşdiyini bildirən rektor burada təhsil alan tələbələrin sayının 14 minə çatdığını demişdir. "Həmin tələbələrin 4 mindən çoxu müxtəlif xarici ölkələrdəndir. Sevindirici haldır ki, bunların da 1000-dən çoxu Azərbaycanı təmsil edir”, - deyə o əlavə etmişdir.
Abdullah Öztoprak onu da diqqətə çatdırmışdır ki, Doğu Akdeniz Universiteti beynəlxalq əlaqələrin inkişafına xüsusi diqqət yetirir və bu istiqamətdə müvafiq addımlar atır, müqavilələr bağlayır. O, Azərbaycan ali təhsil müəssisələri ilə də münasibətlərin inkişafının xüsusi diqqət mərkəzində olduğunu vurğulamışdır. A.Öztoprak bildirmişdir ki, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər Doğu Akdeniz Universitetində pulsuz təhsil alırlar, onların burada qalmasına hər cür şərait yaradılır. Təhsil sahəsində Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarı olduğunu və bu istiqamətdə müvafiq addımlar atıldığını deyən Abdullah Öztoprak görüş iştirakçılarını maraqlandıran sualları da cavablandırmışdır. Sonda görüş üçün qonağa təşəkkür edən Vüqar Səfərli Abdullah Öztopraka xatirə hədiyyəsi təqdim etmişdir.