AMADA dopinqə nəzarəti təkmilləşdirmək məqsədilə hakaton keçirib

AMADA dopinqə nəzarəti təkmilləşdirmək məqsədilə hakaton keçirib


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə nəzarət prosesini təkmilləşdirmək məqsədilə hakaton keçirib.
Yarışda proqramçı və mühəndislərdən ibarət 8 komanda 48 saat ərzində fasiləsiz yarışaraq, iki əsas və iki əlavə tapşırığın öhdəsindən gəlməyə çalışıb. Qalib komanda 3 min manat məbləğində mükafatı ilə təltif olunub.
AMADA-nın direktoru Şəfəq Hüseynli hakatonun bağlanış mərasimində deyib: "Antidopinq sahəsi sürətlə inkişaf edir. Bu sahədə hər gün yeni çağırışlar yaranır. Onların öhdəsindən gəlmək üçün mütləq yüksək texnologiyalardan istifadə etməliyik. Məhz buna görə AMADA-nın strateji məqsədlərindən biri dopinqlə mübarizədə innovativ üsullardan istifadədir. Bu, 2019-2022-ci illər üçün strateji planda əks olunub. Bu hakatonu keçirməklə bir tərəfdən bu məqsədə nail olmağa çalışır, digər tərəfdən isə Azərbaycanın informasiya texnologiyaları icmasının inkişafına dəstək olmaq istəyirik”.
Hakatonun nəticəsində yaradılacaq məhsulun AMADA-nın təqdim etdiyi növbəti yeniliklərdən biri ola biləyini vurğulayan direktor bildirib: "AMADA nisbətən gənc təşkilatdır. Biz cəmi 2,5 ildir ki, fəaliyyət göstəririk. Amma biz qısa müddətdə antidopinq dünyasına bir çox yeniliklər təqdim etmişik. Ümidvaram, bu hakatonun nəticəsində yaradılacaq məhsul da belə bir yeniliklərdən biri olacaq”.