DGK İSM “Gömrükçü” İK-nın savat idman növü üzrə birincilik və çempionatı keçirilib

DGK İSM “Gömrükçü” İK-nın savat idman növü üzrə birincilik və çempionatı keçirilib

Avqustun 26-da Şağan Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin "Gömrükçü” İdman Klubunun savat (fransız boksu) idman növü üzrə birincilik və çempionatı keçirilib. Yarışda "Gömrükçü” İK ilə yanaşı 15 komandadan ("Suraxanı”, "MOİK”, "Şaolin sanda”, "Tornado”, "Fateh”, "Alpturan”, "Nərimanov”, "Marsey”, "Dəmir yumruq”, "Məhəmmədəli”, "Çempion” Tovuz, Gəncə, Astara) 220 idmançı mübarizə aparıb. Yarışın açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, Azərbaycan Şaolin və Savat idman növü Federasiyasnın prezidenti Rafiq Əliyev iştirak ediblər. Açılış mərasimində çıxış edən MOK-un vitse-prezidenti, DGK İSM-ın baş direktoru Xəzər İsayev Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O savat idman növünün ölkəmizdə kütləviliyin təmin olunması istiqamətində görülən işlərdən söz açıb bu növün günü-gündən populyarlaşdığını bildirib.
Qeyd olunub ki, yarışın keçirilməsi əlamətdar bir günə Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın doğum gününə təsadüf edir. Dövlət Gömrük Komitəsi rəbərliyi və yarış iştirakçıları adından Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevaya təbrik müraciəti ünvanlanıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib, çempionat açıq elan edilib. Gərgin keçən mübarizənin yekununda qaliblər müəyyənləşib. Ümümi hesabda "Tornado” İK birinci, "Fateh İK” ikinci, "Gömrükçü”İK üçüncü pillədə qərarlaşıb. Yarışın yekununda Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən 3 nominasiya üzrə mükafatlar təqdim olunub. Selcan Quluzadə "Ədalətli oyun prinsiplərinə sadiq idmançı”, Həsən Əliyev "Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, İlqar Novruzov "Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyaları üzrə mükafatlandırılıblar.