Mina Abbasova daha bir qızıl medala sahib oldu

Mina Abbasova daha bir qızıl medala sahib oldu


Doqquz yaşlı gimnast Mina Abbasova iyunda Bakıda keçirilən "Gymkids kuboku 2019” bədii gimnastika üzrə birinci açıq beynəlxalq çempionatda qızıl medal qazandıqdan sonra Budapeştdə XIX "Gracia” kuboku turnirində də ölkəmizi uğurla təmsil edərək çempion olub. Mina Abbasova bununla da aktivinə sayca 35-ci medalı (13 qızıl, 19 gümüş, 3 bürünc) yazdırıb.
Turnirdə Macarıstandan başqa, ABŞ, Kanada, Rusiya, Ukrayna, Lüksemburq, Xorvatiya, Slovakiya, Misir, Çexiya, Avstriya, İspaniya, İsrail, Rumıniya, İtaliya, Malayziya, Gürcüstan, Cənubi Koreya və Braziliya milli komandaları da qatılıb. Bu mötəbər yarışda həmyerlimiz alətsiz hərəkətlərdə rəqiblərini böyük xal fərqi ilə geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Növbəti pillələrdə isə müvafiq olaraq macar və rus gimnastlar qərarlaşıblar.
Mina Abbasova indiyədək iştirak etdiyi bütün beynəlxalq turnirlərdə parlaq qələbələri ilə diqqəti cəlb edib. O, beş yaşından başlayaraq Macarıstanda beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Makusun rəhbərlik etdikləri "Rus Rg Sport” klubunun üzvüdür. Həmyerlimiz iştirak etdiyi bütün yarışlarda valideynlərinin işi ilə bağlı yaşadıqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi "Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.
Balaca gimnastımızın həmişəki kimi ən böyük arzusu ölkəmizi dünya çempionatlarında və Olimpiya Oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.