Makedoniyanın Skopye şəhərində gənclər arasında Avropa çempionatını uğurla başa vuran sərbəst güləş üzrə Azərbaycan millisinin üzvləri iyulun 8-də vətənə qayıdıblar. Azərbaycan Güləş Federasiyasından olimpnews.az-a daxil olan xəbərə görə, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, idman azarkeşləri, media nümayəndələri qarşılayıblar.
Güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev yarışda idmançılarımızın qazandıqları nailiyyətləri yüksək qiymətləndirib. Böyük məşqçi Avropa çempionatında iştirak edən 27 ölkə arasında Azərbaycan millisinin komanda hesabında lider olmasını böyük hadisə adlandırıb və bu uğurun əldə edilməsində ölkədə idmana göstərilən dövlət qayğısının önəmini vurğulayıb.
Avropa çempionu Ruslan Surxayev yarışların gərgin idman mübarizəsi şəraitində keçdiyini bildirib: «Çox sevinirəm ki, ermənistanlı idmançını məğlub etdim. Bu qələbə mənə çempion olmağımda böyük təkan verdi. Azərbaycan bayrağını Makedoniyada dalğalandırdığım üçün xoşbəxtəm».
Avropa çempionatında 1 qızıl, 3 gümüş və 2 bürünc (6) medal qazanan kişilərdən ibarət sərbəst güləş komandamız 57 xalla Avropa birinciliyini əldə edib. İkinci yeri 53 xalla Rusiya, üçüncü yeri isə 52 xalla Türkiyə tutub.
olimpnews.az