Ülviyyə Kərimova: “Sevinirəm ki, debütüm pis alınmadı”

Ülviyyə Kərimova: “Sevinirəm ki, debütüm pis alınmadı”



Kazanda keçirilən XXVII Yay Universiadasının kəmər güləşi yarışlarında yığma komandamızın üzvü Ülviyyə Kərimova 52 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən olimpnews.az-a daxil olan məlumata görə, Ülviyyə 1989-cu ildə Sumqayıtda anadan olub və Voronej Bədən Tərbiyəsi İnstitutunda təhsil alır.
Yarışdan sonra Ülviyyə Kərimova öz fikirlərini belə bölüşüb: "Dəfələrlə beynəxlaq yarışların mükafatçısı olsam da, bu həyatımda, hələlik ən böyük uğurumdur. 17 yaşımadək sərbəst güləşlə məşğul olmuşam. Sonradan məşqçimin təkidi ilə kəmər güləşinə keçdim. Əvvəl bunu müvəqqəti həvəs olduğunu düşünürdüm. Amma bir neçə yarışdan sonra gördüm ki, kəmər güləşi mənim üçün daha cəlbedici və uğurludur.
Bu mənim yığma komandada ilk yarışım idi. Sevinirəm ki, debütüm pis alınmadı. Balaca bacım da kəmər güləşi ilə məşğuldur. O, dünya çempionatının bürünc medalını qazanmışdı. Deməli, ailəmizdə böyük yarışlardan bir bürünc və bir gümüş medal var. İndi qarşıda qızıl medal var”.


olimpnews.az