Elçin Camallı: “Biz bunu bacardıq”

Elçin Camallı: “Biz bunu bacardıq”

"Bu yarışa komanda şəkilində çox ciddi hazırlaşmışdıq. Hər il komandamızda legionerlər oynayırdı. Amma bu il bizə imkən verildi ki, yerli poloçularımız öz sözün desin. Düşünürəm ki, biz bunu bacardıq.”
Bu sözləri Bakıda keçirilən 7-ci arena polo üzrə dünya kubokunun qalibi - "Elite Horse & Polo Club Baku” komandasının poloçusu Elçin Camallı deyib.
Turnirin ən məhsuldar oyunçusu seçilən E.Camallı federasiyadan göstərilən diqqəti vurğulayıb: "Azərbaycan Respublikası Atçılıq Federasiyasının uğurumuzda payı var. Argentinada təlim-məşq keçdik. Qalib olduğumuz üçün çox sevinirəm. Diqqətimizi gələn il sentyabrın 10-dan 20-dək Azərbaycanda keçiriləcək polo üzrə Avropa çempionatına yönəltməliyik. Keçən il finalda yalnız meydan sahibi İtaliya komandasına məğlub olduq. Məqsədimiz bu dəfə çempion olmaqdır”.
Qeyd edək ki, Elçin Camallı turnirin ən məhsuldar oyunçusu və ən yaxşı poloçusu seçilib. Turnirin həlledici görüşündə "Elite Horse & Polo Club Baku” (Azərbaycan) və "Los Nocheros Polo Club Münster” (Almaniya) qarşılaşıblar. Bu dəfə də yüksək ustalıq nümayiş etdirən komandamız final görüşündən qalib ayrılıb - 15:4.
Almaniyanın "Los Nocheros Polo Club Münster” ikinci, İsveçrənin "Evviva Polo Club St. Moritz” üçüncü, Rusiyanın "Planernaya Polo Club Moscow” komandası isə dördüncü yeri tutub.
Dünya kubokunun qalibi olan komandamız mükafatlandırılıb. Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalib olan komandamıza turnirin kubokunu və qiymətli hədiyyələr təqdim edib.