Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilmişdir

Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilmişdir


İyulun 11-də Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilmişdir.
Qurultayın əvvəlində Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
İştirakçılar ötən qurultaydan keçən dövr ərzində dünyasını dəyişmiş jurnalistlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq qurultayın sədarətinin, katibliyinin, say və mandat komissiyalarının yaradılması barədə təklif irəli sürmüş və müvafiq komissiyaların üzvləri müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbriklərini çatdırmışdır.
Sonra Ə.Amaşov V qurultaydan ötən dövrdə Mətbuat Şurası tərəfindən görülmüş işlərlə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir.
Azərbaycan Jurnalistlərinin VI qurultayında iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək bildirmişdir ki, bu qurultay jurnalistlərin peşəkarlığının artırılması, mənfi proseslərin jurnalistikamızdan tədricən sıxışdırılıb çıxarılması və mətbuatın demokratik prinsiplər əsasında inkişafı dövrünə təsadüf edir. Əli Həsənov daha sonra demişdir: "Qurultayda səslənən fikirlər, təkliflər, aparılan müzakirələr bütövlükdə azad sözə, mətbuatın sosial problemlərinin həllinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə, mətbuat-dövlət münasibətlərinin sivil qaydada tənzimlənməsinə rəvac verəcəkdir. Düşünürəm ki, qurultaydan sonrakı dövrdə mediamız rastlaşdığı bütün problemlərdən azad olacaqdır”.
Prezident Administrasiyasının şöbə müdiri jurnalist Nicat Dağların müalicəsi ilə bağlı dövlətimizin başçısı tərəfindən göstəriş verildiyini də diqqətə çatdırmışdır.
Azərbaycan Jurnalistlərinin VI qurultayının iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciət qəbul etmişlər.
Qurultayda çıxış edənlər ötən dövr ərzində Azərbaycan Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirmiş, arzu və təkliflərini bildirmişlər.
Azərbaycan jurnalistlərinin VI qurultayında nümayəndələrin yekdil səsverməsindən sonra Əflatun Amaşov yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçilmişdir. Qurultay Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini də seçmişdir.
Qurultayda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na və "Azərbaycan Mətbuat Şurasının Nizamnaməsi”nə əlavə və dəyişikliklər də edilmişdir.