Veteran boksçu 85 yaşını qeyd edib

Veteran boksçu 85 yaşını qeyd edib

Veteran boksçu Paşa Əliyevin 85 yaşı tamam olub. Paşa İbrahim oğlu Əliyev 1934-cü il sentyabrın 16-da Gürcüstanın Batumi şəhərində dünyaya göz açıb. 16 yaşında ailəsi ilə birlikdə repressiya qurbanı kimi Qazaxıstana sürgün edilib. Orta məktəbi bitirdikdən sonra Qazaxıstan Dövlət Bədən Tərbiyəsi və İdman İnstituna daxil olub. Gənc idmançının perspektivini, istedadını görən Azərbaycan boksunun banisi Abbas Ağalarov onun Bakıya köçüb, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunda davam etdirməsini təklif edib. Belə ki, 1956-cı ildə repressiyaya məruz qalan ailəyə bəraət verilib. 1959-cu ildə Paşa Əliyev Bakıya qayıdaraq, ölkəmizi bir sıra yarışlarda layiqincə təmsil edib. O, 1959-1964-cü illərdə dəfələrlə Azərbaycan çempionu adına layiq görülüb. "Burovestnik” idman cəmiyyətinin birinciliyində gümüş, SSRİ tələbələrinin universiadasında bürünc medala sahib çıxıb. Krasnodar, Lvov, Tallin və başqa şəhərlərdə keçirilən ümumittifaq turnirlərində mükafatçılar sırasında yer alıb.
1962-ci ildə SSRi idman ustası adına layiq görülən Paşa Əliyev 2000-2005-ci illərdə Azərbaycan Boks Federasiyasında Veteranlar Şurasının sədri vəzifəsində çalışıb. Əmək fəaliyyətinə məşqçi-təlimatçı kimi başlayıb. 1971-2006-cı illərdə Azərittifaq aparatında mütəxəssis və baş mütəxəssis vəzifəsində çalışıb. 1954-cü ildən 2018-ci ildək beynəlxalq və respublikadaxili yarışlarda hakim kimi iştirak edib.
Veteran idmançı Paşa Əliyev ömrünün 65 ilini boks idman növünə həsr edib. Azərbaycan Boks Federasiyası idman ictimaiyyəti adından veteran boksçu Paşa Əliyevi 85 illik yubileyi münasibətilə təbrik edir.