Avropa İdman Mətbuatı İttifaqının növbəti toplantısı Belqradda keçirildi

Avropa İdman Mətbuatı İttifaqının növbəti toplantısı Belqradda keçirildi


Avropa İdman Mətbuatı İttifaqı - AİPS AVROPA/UEPS İcraiyyə Komitəsinin 12 üzvündən biri kimi icraiyyə komitəsinin növbəti toplantısında iştirak üçün Serbiya paytaxtı Belqrada yola düşdüm. Həmişə olduğu kimi, bu dəfə də beynəlxalq təcrübə toplamaq məqsədilə Belqrada təklifimizlə AİJA-nın daha iki fəalı - AİPS üzvləri - "Sportsman” jurnalının baş redaktoru, AİJA İcraiyyə Komitəsinin üzvü Rəşad Qəmərşahoğlu və AİJA stolüstü tennis komissiyasının sədri Şahin Ələkbərov da dəvət olunmuşdular.



Şəhərin Nikola Tesla Beynəlxalq hava limanında dostum və həmkarım - Serbiya İdman Jurnalistləri Assosiasiyasının vitse-prezidenti, Avropa İdman Mətbuatı İttifaqı (UEPS) İcraiyyə Komitəsinin üzvü, Serbiya Milli Teleradiosunun şərhçisi Predraq Milinkoviç bizi qarşılayaraq şəhərdə yenicə istifadəyə verilmiş əzəmətli Falkensteiner hotelinədək müşayiət etdi.
Sava çayının Dunaya qovuşduğu axar-baxarlı bir ərazidə, Balkanlarla Mərkəzi Avropanın birləşməsində salınan bu tarixi şəhər dəniz səviyyəsindən 116,75 metr yüksəkdə yerləşir.
Falkensteiner hotelinin toplantı salonunda AİPS AVROPA - UEPS İcraiyyə Komitəsinin növbəti toplantısında 49 Avropa dövlətinin idman mediasını təmsil edən Avropa İdman Mətbuatı İttifaqının rəhbər orqanının 12 üzvünün hamısı və dünya təşkilatı AİPS-in prezidenti cənab Canni Merlo iştirak etdilər. AİPS rəhbəri Avropa qitə strukturunun dünya təşkilatının əsas aparıcı qüvvəsi olduğunu bir daha vurğulayaraq cari ilin aprelində Rusiya Federasiyasının Soçi şəhərində baş tutan 76-cı AİPS Konqresində toxunulan bir sıra məsələlərin həlli istiqamətində aparılan işlərdən söz açdı, 2014-cü ildə Bakıda keçiriləcək 77-ci AİPS Konqresinə hazırlığın gedişindən danışdı və qeyd etdi ki, UEPS İcraiyyə Komitəsinə növbəti seçkilərin keçirilməsi üçün Bakı konqresində Avropa ölkələrindən olan nümayəndələr üçün bir əlavə gün ayrılması təqdirəlayiqdir.



UEPS prezidenti Yannis Daras və baş katib Çarles Kamenzuli UEPS-in İsveçrədə dövlət qeydiyyatının yekunlaşdığı və quruma Lozannada yeni mənzil-qərargah ayrılması məsələsinin həll olunduğu barədə məlumat verdilər. İcraiyyə Komitəsi üzvlərinin müzakirə olunan məsələlər barədə fikirləri, təklifləri dinlənildi.
İdman serbiyalıların ən zəruri və populyar məşğuliyyətlərindəndir. Burada həm peşəkar, həm də kütləvi idmana böyük önəm verilir. Akademik avarçəkmə, biatlon, güləş, su polosu, voleybol, velosiped, yüngül atletika, tennis, stolüstü tennis, üzgüçülük, atıcılıq, futbol ölkədə diqqət yetirilən əsas idman növləridir. Dünyanın keçmiş birinci raket ustası - peşəkar tennisçi Ana İvanoviç, futbolçu Marko Deviç, avtopilot Miloş Pavloviç, hokkeyçi Miloş Babiç, qadın taekvondoçu, 67 kq çəki dərəcəsində London 2012 Olimpiadasının qızıl mükafatçısı Milisa Mandiç, olimpiya çempionları Slabodan Boşkan, Vladimir Qrbiç, Nikola Qrbiç, İvan Milinkoviç (voleybol) Serbiyanın idman şərəfini ucaldanlardır.
Serbiyanın gənclər və idman naziri xanım Alisa Mariç 12 ölkədən - Azərbaycan, İtaliya, Böyük Britaniya, Fransa, Yunanıstan, Almaniya, Avstriya, Malta, Sloveniya, Rusiya, Türkiyə və İrlandiyadan gəlmiş hörmətli qonaqları - UEPS İcraiyyə Komitəsi üzvlərini qəbul etdi. "Dördüncü hakimiyyətin” beynəlxalq matçlarda nəticələrin sövdələşməyə məruz qalmaları, dopinqə, hər cür ədalətsizliyə qarşı mübarizə məsələlərində barışmaz mövqeyinin gücləndirilməsi ətrafında müzakirələr aparıldı.
Səmimi keçən söhbət zamanı xanım Mariç Azərbaycanda dövlətin gənclər siyasəti və idmana böyük diqqət yetirilməsindən xəbərdar olduğunu dilə gətirdi və yaxın vaxtlarda bizim ölkəmizə səfər edəcəyini vurğuladı. İndi bu səfər gerçəkləşmişdir və Serbiya Gənclər və İdman Nazirliyinin, bu ölkənin Milli Olimpiya Komitəsinin geniş tərkibdə nümayəndə heyəti bir neçə günlüyə Azərbaycanın qonağı olmuşdur.
Serbiya Milli Olimpiya Komitəsində də bizi hərarətlə qarşıladılar. MOK-un baş katibi Corce Visaşki bizi səmimiyyətlə salamladı. O, MOK prezidenti ikiqat dünya çempionu və ikiqat Olimpiya gümüş mükafatçısı Vlade Divaçın xəstəxanada olduğunu, bu səbəbdən görüşdə iştirak edə bilmədiyini təəssüflə qeyd etdi və onun salamlarını, xoş arzularını bizə çatdırdı.
Corce Visaşki uzun illər avarçəkmə yarışlarında Serbiyanı təmsil edib, müxtəlif çempionatların 17 qızıl mükafatına layiq görülüb.










Baş katib Serbiya Milli Olimpiya Komitəsinin tarixindən söz açdı. Komitə 23 fevral 1910-cu ildə Serbiya Olimpiya Klubu adı altında təşkil olunub, bir il sonra Mərkəzi Olimpiya Klubu adlandırılıb. Olimpiya oyunlarında ilk iştirakı
4-17 iyul 1912-ci ildə Stokholmda olub. Sonra serb olimiyaçıları oyunlara Yuqoslaviya nümayəndələrinin tərkibində qatılıblar, 96 ildən sonra isə Pekin 2008 Yay Olimpiya Oyunlarında yenidən Serbiya dövlətini təmsil ediblər.
Vlade Divaçla söhbətimiz olduqca maraqlı keçdi. Sonda baş katib qonaqlara xatirə hədiyyələri təqdim etdi.
Serbiya Voleybol Federasiyasında da son dərəcə səmimi qarşılandıq. Federasiyanın prezidenti, Ümumdünya Voleybol Federasiyasının (FİVB) vitse prezidenti Aleksandar Boriçiç rəhbərlik etdiyi qurumun tarixindən, federasiyanın media ilə sıx əməkdaşlığından söhbət açdı, Azərbaycan qadın voleybolunun uğurlarını dilə gətirdi. Sonra o, qonaqların hər birinə üzərində Avropa İdman Mətbuatı İttifaqının emblemi və onların ayrı-ayrılıqda adı, soyadı həkk olunmuş konfedensial idman köynəyi hədiyyə etdi.
Bir-birindən maraqlı restoranlarda milli və avropa mətbəxinə qonaq olduq, süfrə başında söhbətlər, müzakirələr davam etdi. UEPS prezidenti Yannis Daras tədbirin yüksək səviyyədə təşkilinə görə Serbiya İdman Jurnalistləri Assosiasiyasının prezidenti Vladimir Debiçə, SİJA-nın vitse prezidenti, UEPS İcraiyyə Komitəsinin üzvü Predraq Milinkoviçə qonaqlar adından minnətdarlığını ifadə etdi, onlara və uzun illər idman mediasında çalışan serbiyalı jurnalist Radomir Yeremik Piriyə üzərində Avropa İdman Mətbuatı İttifaqının loqosu həkk olunmuş qol saatı və xatirə hədiyyələri təqdim etdi.
Belqrad, şəhərin tarixi yerləri, abidələri, serblərin mübarizə və vətənpərvərlik ənənələrini özündjə yaşadan tikililər, Sava və Dunay sahillərində gəzintilər yaddaşımıza əbədi həkk olundu.




Azərbaycan Respublikasının Belqraddakı səfirliyində də olduq, diplomatik missiyamızın əməkdaşları ilə görüşdük. Səfirimiz Eldar Həsənov Monteneqroda ezamiyyətdə idi. Onunla telefon əlaqəsi yaratdıq. Cənab səfir Serbiya İdman Jurnalistləri Assosiasiyasının dəvəti ilə Belqrada səfər etməmizdən məmnunluğunu bildirdi. Konsulumuz Fuad müəllim, səfirliyin digər əməkdaşı Araz müəllim bizə xüsusi qayğı və nəvaziş göstərdilər. Yeri gəlmişkən, Serbiya paytaxtının yaşıllıqlara qərq olmuş axar-baxarlı bir guşəsində üzərində üçrəngli, ay-ulduzlu bayrağımızın dalğalandığı, diplomatik missiyamızın yerləşdiyi əzəmətli iqamətgah xüsusi mülkiyyət kimi Azərbaycan Respublikasına məxsusdur .
Səfirliyimizin vətəndaşları ilə birlikdə şəhərin füsunkar guşələrinin birində - daim çal-çağırlı mədəniyyət və istirahət parkında serb xalqının xalqımıza və onun rəhbərinə sonsuz hörmət və ehtiram əlaməti olaraq ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin əzəmətli abidəsini böyük qürur və iftixar hissi ilə ziyarət etdik.
Eldar İsmayılov,
AİJA prezidenti, AİPS AVROPA/UEPS
 İcraiyyə Komitəsinin üzvü,
Əməkdar jurnalist
Serbiya, Belqrad