Milli komandamız uğurlu çıxışı ilə diqqət çəkir

Milli komandamız uğurlu çıxışı ilə diqqət çəkir



Universiadada hələlik bir dəst medalımız var

Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Yay Universiadası davam edir.
Azərbaycan Milli komandasının üzvləri universiadada çıxışlarını davam etdirirlər. Azərbaycan idmançıları müxtəlif növlərdə qüvvələrini sınayırlar.
Universiada çərçivəsində keçirilən yarışlarda ağırlıqqaldıranlarımızın çıxışları diqqətdən kənarda qalmır. Xatırladaq ki, 50 ölkədən 253 atletin yarışdığı yarışda baş məşqçi Zlatan Vanev və məşqçi Xanlar Nəbiyevin rəhbərliyi altında ölkəmizi kişilərdə Yuri Dudoqlo (62 kq), Firudin Quliyev (69 kq), Nicat Rəhimov (77 kq), Elxan Əliquluzadə (77 kq), Nailxan Nəbiyev (94 kq) və Aluda Manaqadze (105 kq) təmsil edir. Qadınlarda isə Yuliya Derkaç (53 kq), Kristina Yovu (58 kq), Alyona Kiriyenko (69 kq) və Tatyana Varlamova (+75 kq) mübarizə aparırlar. Artıq ağırlıqaldıranlarımızdan bir neçəsi çıxışlarını başa vurublar.



Millimiz Kazanda növbəti medalı
ağırlıqqaldırmada qazandı

Ağırlıqqaldırma üzrə millimizin üzvü Kristina Yovu 58 kq çəki dərəcəsində mükafat qazanıb. Xanım atletimiz birdənqaldırma hərəkətində mübarizəyə 100 kq sifarişlə başlayıb. İlk yanaşması uğurlu olan atletimiz sonrakı cəhddə sifarişini 5 kq artırıb. 105 kq ağırlığın öhdəsindən gələn ağırlıqqaldıranımız üçüncü cəhddə 106 kq çəkini başı üzərinə qalıdra bilməyib. Lakin buna baxmayaraq, birdənqaldırma hərəkətində 3-cü yeri tutub.
Təkanla qaldırma hərəkətində Kristina Yovu hər üç yanaşmasını uğurla yerinə yetirib. Ardıcıl olaraq 120 kq, 124 kq və 126 kq çəkinin özdəsində gələn təmsilçimiz bu mərhələni 2-ci yerdə başa vurub.
İki hərəkətin cəmində Kristina Yovu 226 kq (100 kq + 126 kq) nəticə ilə Kazan Universiadasının gümüş medalına yiyələnib.
Universiadanın qalibi 238 kq nəticə ilə (104 kq + 134 kq) Taypey idmançısı Çunq Sinq olub. Bürünc medala isə Koreya Xalq Demokratik Respublikasının idmançısı Hyo Sim Çoe (100 kq + 125 kq) layiq görülüb.
Yarışı zalda izləyən gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə mübarizə başa çatan kimi atletlər otağına gedərək, idmançımızı bu uğur münasibətilə təbrik ediblər.



Kazanda ilk qızıl medal

69 kq çəki dərəcəsində iki idmançımız Yuri Dudoqlo və Firudin Quliyev medallar uğrunda mübarizə aparıblar.
İdmançılarımız birdən qaldırma hərəkətinə müxtəlif nəticə ilə başlayıblar. Yuri Dudoqlo əvvəlcə 133 kq ağırlığın öhdəsindən gəlib. Növbəti cəhddə Yuri sifariş verdiyi 138 kq və 140 kq çəkinin öhədsindən gələ bilməyib. Atletimiz bu mərhələni 8-ci yerdə başa vurub.
Təkanla qaldırma hərəkətində Yuri Dudoqlo nisbətən yaxşı çıxış edib. O, əvvəlcə 165 kq-ı ram edib. Təmsilçimiz 170 kq-ı isə növbəti iki cəhddə qaldıra bilməyib. Bu nəticə ilə Yuri təkanla qaldırmada 6-cı yerlə kifayətlənib.
İki hərəkətin cəmində Dudoqlo 298 kq (133 kq + 165 kq) nəticə ilə universiadanı 7-ci pillədə başa vurub.
Bu çəki dərəcəsində çıxış edən digər atletimiz Firudin Quliyev isə ona bəslənilən ümidləri doğruldub. Gənc atletimiz hər üç yanaşmada uğura imza atıb. 135 kq, 140 kq və 142 kq çəkini ram edən idmançımız birdənqaldırmanın nəticələrinə görə 3-cü yerə layiq görülüb. Yeniyetmələr arasında dünya rekordçusu olan Firudin birdənqaldırmada 142 kq çəkini qaldıraraq qızıl medal uğrunda əsas rəqibi ilə arasındakı 6 kq-lıq fərqi aradan qaldıra bilib.
Təkanla qaldırma hərəkətində ilk olaraq 175 kq-ı ram edən atletimiz, çempion olmaq üçün gərəkli olan181 kq çəkini qaldırıb. O, eyni zamanda Universiadanın iki rekordunu (təkanla qaldırma və iki hərəkətin cəmində) yeniləyib. Ağırlıqqaldıranımız sonuncu yanaşmasında 191 kq sifariş verib. Lakin Firudinin gənclər arasında dünya rekordunu yeniləmək cəhdi baş tutmayıb. Məlumat üçün bildirək ki, həmin rekord çinli Liao Huyuna (28 noyabr, 2007-ci il) məxsusdu. Asiyalı ağırlıqqaldıran 190 kq nəticə ilə həmint rekordun sahibidir.
İki hərəkətin cəminə görə 323 kq (142 kq + 181 kq) nəticə göstərən Firudin Quliyev milli komandamıza ilk qızıl medalı qazandırıb.

Yarışın növbəti günün də podiumda üç ağırlıqqaldıranımız qüvvəsini sınayıb. Kişilər arasında 77 kq çəki dərəcəsində Nicat Rəhimov və Elxan Əliquluzadə, qadınlarda isə 69 kq çəki dərəcəsində Alyona Kiriyenko medal uğrunda yarışıb. 77 kq çəki dərəcəsində Elxan Əliquluzadə birdənqaldırma hərəkətində 135 kq-lıq çəkini başı üzərinə qaldırıb. Lakin növbəti cəhddə o 140 kq çəkinin öhdəsindən gələ bilməyib. Elxan bu mərhələni 14-cü pillədə başa vurub.
Təkanla qaldırmada Elxan Əliquluzadə əvvəlcə 170 kq, sonra isə 179 kq-ı ram edib. Atletimiz sonuncu yanaşmasında sifariş verdiyi 185 kq ağırlığı başı üzərinə qaldıra bilməyib - 11-ci yer.
İki hərəkətin cəminə görə 314 kq (135 kq + 179 kq) nəticə göstərən Elxan Əliquluzadə yarışları 12-ci pillədə yekunlaşdırıb.
Kazan universiadasında milli komandamızın bayraqdarı seçilən ağırlıqqaldıranımızdan yeni çempionluq gözlənilirdi. Atletimiz Nicat Rəhimov birdənqaldırmada 147 kq-ı sifariş verərək, həmin çəkinin öhdəsindən gəlib. 152 kq ağırlığı yalnız ikinci cəhddə ram edib. Bu nəticə ilə o, bu mərhələni 5-ci yerdə başa vurub.


Təkanla qaldırmada Nicat Rəhimov daha uğursuz çıxış edib. İdmançımız hər üç yanaşmasında çəkini qaldıra bilməyib. İki yanaşmada 185 kq ağırlığın öhədsindən gələ bilməyən təmsilçimiz, üçüncü cəhhdə 190 kq ağırlıq sifariş verib. Bu sifarişi yerinə yetirə bilməyən ağırlıqqaldıranımız həm təkanla qaldırmada, həm də yekunda çıxışını nəticəsiz başa vurub.
Qadın idmançılarımızdan Alyona Kiriyenko 69 kq çəki dərəcəsində çıxış edib. Atletimiz birdənqaldırma hərəkətinə 90 kq-la başlayıb. Bu çəkinin öhdəsindən məharətlə gələn Alyona, növbəti yanaşmada 94 kq çəkini qaldırıb. Lakin üçüncü cəhdə atletimizin qaldırdığı çəkidən 2 kq artığına gücü çatmayıb. Bununlada o, bu mərəhələni 6-cı yerdə başa çatdırıb.
Alyona Kiriyenko təkanla qaldırma hərəkətində əvvəlcə 115 kq-ı ram edib. Sonrakı cəhddə 120 kq sifariş verən qadın ağırlıqqaldıranımızın bu ağırlığa gücü çatmayıb. Bununlada o, təkanla qaldırmada 5-ci yerlə kifayətlənib.
İki hərəkətin cəmində isə Alyona 209 kq (94 kq + 115 kq) nəticə ilə Kazanda 5-ci yerə layiq görülüb.
Xatırladaq ki, Kazan Universiadasının ağırlıqqaldırma yarışlarında ilk çıxış edən idmançımız Yuliya Derkaç olub. 53 kq çəki dərəcəsində çıxış edən atletimiz uğur qazana bilməyib. İdmançımızın çıxışına nəzər salsaq görərik ki, o, birdənqaldırma hərəkətinə nisbətən uğursuz başlasa da, sonda liderliyi əldən verməyib. Derkaç ilk sifariş verdiyi 82 kq çəkini yalnız ikinci yanaşmada ram edib. Üçüncü yanaşmada 86 kq-ı uğurla başı üzərinə qaldıran idmançımız, birdənqaldırma hərəkətində bütün rəqiblərini üstələyib. Təkanla qaldırma hərəkətində isə həmin nəticəni təkrarlamaq mümkün olmayıb. 101 kq-ı ram edən Yuliya, sonrakı iki cəhddə 105 kq-ın öhdəsindən gələ bilməyib. Nəticədə Derkaç bu mərhələni 5-ci pillədə başa vurub. İki hərəkətin cəmində 187 kq (86 kq + 101 kq) nəticə göstərən Yuliya, yekunda da 5-ci yeri tutub. İdmançımızı medaldan cəmi 2 kq ağırlıq ayırıb.
Xatırladaq ki, universiadada ilk medalı millimizə 81 kq çəki dərəcəsində yarışan cüdoçumuz Məmmədəli Mehdiyev qazandırıb. Atletimiz bürünc medala layiq görülüb.


Ülviyyə Kərimova: "İndi qarşıda məqsəd qızıl medal qazanmaqdır”

Kazanda keçirilən XXVII Yay Universiadasının kəmər güləşi yarışlarında yığma komandamızın üzvü Ülviyyə Kərimova 52 kq çəki dərəcəsində gümüş medal qazanıb.
Yarışdan sonra mətbuat nümayəndələrinə müsahibə verən Ü.Kərimova qələbə sevincini belə bölüşüb: "Dəfələrlə beynəxlaq yarışların mükafatçısı olsam da, bu həyatımda, hələlik ən böyük uğurumdur. 17 yaşımadək sərbəst güləşlə məşğul olmuşam. Sonradan məşqçimin təkidi ilə kəmər güləşinə keçdim. Əvvəl bunun müvəqqəti həvəs olduğunu düşünürdüm. Amma bir neçə yarışdan sonra gördüm ki, kəmər güləşi mənim üçün daha cəlbedici və uğurludur.
Bu mənim yığma komandada ilk yarışım idi. Sevinirəm ki, debütüm pis alınmadı. Balaca bacım da kəmər güləşi ilə məşğuldur. O, dünya çempionatının bürünc medalını qazanıb. Deməli, ailəmizdə böyük yarışlardan bir bürünc və bir gümüş medal var. İndi qarşıda məqsəd qızıl medal qazanmaqdır”.
Qeyd edək ki, Ülviyyə 1989-cu ildə Sumqayıtda anadan olub və Voronej Bədən Tərbiyəsi İnstitutunda təhsil alır.


Atletimiz Universiadanın finalına yüksəlib

5 min metr məsafəyə qaçışda ölkəmizi təmsil edən Hayle İbrahimov uğurla çıxış edib.
Təsnifat mərhələsində bütün rəqiblərini qabaqlayan atletimiz 5 min metr məsafəni 13 dəqiqə 50 saniyəyə qət edərək Universiadanın finalına yüksəlib.
Final mərhələsi bu gün iyulun 12-də olacaq.

Şahmatçılarımızın rəqibləri artıq
müəyyənləşiblər

Universiadada şahmat yarışlarında Azərbaycanı beynəlxalq qrossmeysterlər - Vasif Durarbəyli, Nicat Abasov və Türkan Məmmədyarova, beynəlxalq ustalar - Zaur Məmmədov, Bəhruz Rzayev, Nərgiz Umudova, Nərmin Kazımova və FİDE ustası Nərmin Xələfova təmsil edirlər.
İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan yarışlar həm şəxsi, həm də komanda xarakteri daşıyır. Hər komandanın hesabında 3 ən yaxşı nəticə göstərən şahmatçıların xalları hesablanır. Artıq şahmat yarışlarının dördüncü turunda ölkəmizi təmsil edən idmançıların rəqibləri müəyyənləşib.
Belə ki, şahmatçımız Nicat Abbasov Toms Kantansla (Latviya), Zaur Məmmədov Djuliyan Şarer (İcveçrə), Bəhruz Rzayev Maksim Matlakovla (Rusiya), Vasif Dürarbəyli Cuonq Famla (Vyetnam), Türkan Məmmədyarova Kamilla De Sero (İsveçrə) ilə, Nərgiz Umudova Mariya Heyneç ilə (İsveçrə), Nərmin Kazımova Gülisxan Naxbayeva (Qazaxıstan), Nərmin Xəlilova isə Ester Dudaş (Macarıstan) ilə qarşılaşacaq. Məlumat üçün qeyd edək ki, universiadada şahmat yarışlarına iyulun 15-də yekun vurulacaq.