Natalya Abdinova - 70

Natalya Abdinova - 70


Abdinova (Şetinkina) Natalya İvanovna 1949-cu il oktyabrın 5-də Bakı şəhərində anadan olub. O, 1963-1971-ci illərdə İdman gimnastikası üzrə ümumittifaq və beynəlxalq yarışlarında ölkəmizin şərəfini qoruyub. Bu illər ərzində Natalya İvanovna dəfələrlə Azərbaycan çempionu olub. O, ümumittifaq və beynəlxalq yarışlarda uğurla çıxış edən gimnastlarımızdan biri olub. Belə ki, 1963-cü il Ümumittifaq "Dinamo” cəmiyyətinin qiyabi yarışlarında fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Kişinyovda təşkil olunan ümumittifaq məktəblilərinin spartakiadasında zona yarışlarının və "Dinamo” idman cəmiyyətinin ümumittifaq gənclər birinciliyində uğurlu çıxışı ilə diqqət çəkib. 1965-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) "Gənc dinamoçu” spartakiadasında çoxnövçülük yarışlarında bürünc, dayaqlı tullanmada isə gümüş mükafata layiq görülüb. Moskvada keçirilən qızların XXXIII SSRİ şəxsi komanda birinciliyində üçüncü olan gimnastımız, həmin ildə SSRİ idman ustası adına layiq görülüb.
1966-cı ildə Buxarestdə Sosialist ölkələrinin Dinamiadasında qızıl medal əldə edib. Həmin il Voronejdə keçirilən ümumittifaq gənclər arasında yarışda dayaqlı tullanma bürünc medalla kifayətlənib. Həmin növ üzrə "Dinamo” İC-in Mərkəzi Şurasının yarışlarında eyni nəticəni təkrarlayıb.


Natalya Abdinova kütləvi bədən tərbiyəsi və idmanda göstərdiyi nəticələrə görə dəfələrlə fəxri fərman və diplomlarla tətltif edilib.


O, 1968-ci ildə Kiyevdə keçirilən "Dinamo” İC-in MS çempionatında üçüncü yeri tutub. Nataliya xanımın əldə etdiyi uğurlar bununla bitməyib. SSRİ çempionu müxtəlif yarışlarda ona bəslənilən etimadı layiqincə doğruldub.


Natalya Abdinova 1971-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunu bitirdiyi ildən etibarən gimnastika kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləyib.


- 1985-ci ildə Gənclərin və Tələbələrin XII Ümumdünya Festivalının təntənəli açılış və bağlanış mərasimlərində fəal iştirakına görə SSRİ Nazirlər şurası yanında Bədən Tərbiyəsi və İdman komitəsinin fəxri fərmanı ilə təltif edilib.


- 1986-cı il Moskvada keçirilən "Xoş məramlı oyunların” təntənəli açılış mərasimində bədii idman bayramında fəal iştirakına görə Ümumittifaq həmkarlar KİT-nın fərmanı ilə mükafatlandırılıb.


- 1998-cu ildə ona Azərbaycan Respublikasının fəxri Bədən Tərbiyəsi və İdman işçisi adı verilib.


- 2001-ci ildə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyinin fəxri fərmanı təqdim edilib.


- 2010-cu ildə Azərbaycan Respublikasının Əməkdar müəllimi adını alıb.


Natalya Abdinova AzDBTİA-da çalışdığı illərdə akademiyanın konfranslarında iştirak etmək üçün çoxlu sayda tələbələr hazırlayıb. O, uzun illərdir ki, kafedrada tədris işləri üzrə komissiyanın sədridir. Onun çap etdirdiyi tədris və metodiki tövsiyələrdən tələbələr və müəllimlər bu günə qədər istifadə edirlər.


N.Abdinova rus dilində buraxılan gimnastika fənni üzrə bütün proqramların müəllifidir.


Natalya Abdinova bilikli, bacaraqlı müəllim kimi tələbələrin və müəllimlərin rəğbətini qazanıb.


Respublikamızda və akademiyada keçirilən elmi-praktiki konfranslarda aktual mövzularla çıxış edir.


Azərbaycan Gimnastika Federasiyası və veteranlar şurası Natalya Abdinovanı 70 illik yubleyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, işlərində müvəffəqiyyət arzulayır.