Avropa Yeniyetmələrinin XII Olimpiya Festivalının açılış mərasimi olub

Avropa Yeniyetmələrinin XII Olimpiya Festivalının açılış mərasimi olub

İyulun 14-də Hollandiyanın Utrext şəhərində Avropa Yeniyetmələrinin XII Olimpiya Festivalının açılış mərasimi keçirilib. Ənənəyə uyğun olaraq, açılış mərasmindən əvvəl yeniyetmə idmançılar öz ölkələrinin və Olimpiya komitələrinin nişanlarını biri-birinə veriblər. Festivalın iştirakçısı olan yeniyetmə idmançılar birlikdə şəkil çəkdirərək səmimi söhbət ediblər.
Açılış mərasimində yarış iştirakçılarını fəxri qonaqlardan Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Roqq, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, Hollandiya kralı Villem-Aleksandr, Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, BOK-un üzvü Valeri Borzov və digər şəxslər tribunadan alqışlayıblar. Avropanın 49 ölkəsinin yeniyetmələrini bir araya gətirən XII Olimpiya Festivalının açılış mərasimi dostluq və həmrəylik şəraitində keçib.
Olimpiya oyunlarında olduğu kimi, festivalın açılış mərasimində idmançı, məşqçi və hakimlər Olimpiya andı içiblər. Sonra Olipmiya himninin sədaları altında Olimpiya bayrağı qaldırılıb. Yarışlara start verən Olimpiya məşəlinin alovlandırılması isə mərasimə əlavə rəng qatıb.

Açılış mərasiminin sonunda yeniyetmə gənclər mahnı oxuyub, rəqs ediblər.
Xatırladaq ki, Azərbaycan komandası Avropa Yeniyetmələrinin XII Olimpiya Festivalında iştirak etmək üçün iyulun 13-də Hollandiyaya yola düşüb. Yarışda 47 nəfər (30-u idmançı, 10-u məşqçi, 1-i hakim, 1-i media işçisi, 5-i isə rəsmi şəxs) nümayəndə heyəti ilə təmsil olunan Azərbaycan komandası festivalda 5 (atletika, tennis, üzgüçülük, velosiped, cüdo) idman növündə mübarizə aparacaq. 30 idmançı ilə Hollandiyaya yola düşən komandanı atletikada 7, tennisdə 2, üzgüçülükdə 6, velosipeddə 3, cüdoda 12 nəfər təmsil edəcək.
Qeyd edək ki, komanda iyulun 21-də vətənə qayıdacaq.