Azərbaycan idmançıları Kazanda uğurla çıxış edirlər

Azərbaycan idmançıları Kazanda uğurla çıxış edirlər


Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadası davam edir.
Milli komandamızın aktivində hələlik 4 qızıl, 4 gümüş və 7 bürünc medal var. Yığmamız hazırda 170 ölkə arasında 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, milli komandamızın heyətində Firudin Quliyev (ağırlıqqaldırma), Hayle İbrahimov (5000 metr məsafəyə qaçış), Yuliya Ratkeviç və Rəsul Cunayev (hər ikisi güləş) qızıl, Kristina Yovu (ağırlıqqaldırma), Ülviyyə Kərimova (kəmər güləşi), Cəbrayıl Həsənov, Patimat Baqamedova (hər ikisi güləş) gümüş medal əldə ediblər. Məmmədəli Mehdiyev (cüdo), İrina Netrebi, Hacı Əliyev (hər ikisi güləş), Eldəniz Əzizli, Ağasif Səmədov, Emin Həsənov, İlkin Qasımov (hər üçü sambo) Universiadanı bürünc medalına yiyələniblər.
Universiadaya iyulun 17-də yekun vurulacaq.

Güləşçilərimizdən
universiadada 7 medal

Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında sərbəst.  qadın güləşi və yunan-Roma güləş üzrə yarışları keçirilib. Uğurlu çıxışı ilə yadda qalan pəhləvanlarımız 7 medal (2 qızıl, 2 gümüş, 3 bürünc) qazanıblar.
Turnirin proqramına əsasən, yarışların ilk günündə 55 kq, 66 kq, 84 kq və 120 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar.
55 kq çəkidə yarışan güləşçimiz Yaşar Əliyev ilk görüşdə ABŞ təmsilçisi Niko Megaludisə (3:1) məğlub olaraq yarışı medalsız başa vurub.
Çəkisi 66 kq olan güləşçilərin yarışında döşək üzərinə çıxan təmsilçimiz Ağahüseyn Mustafayev ilk görüşdə Türkiyə güləşçisi Mustafa Kayanı (4:1) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə o, Rusiya güləşçisi Maqomed Kurbanaliyevlə qarşılaşıb. Lakin görüş güləşçimiz üçün (4:0) uğurlu olmayıb. Rəqib idmançı finala yüksəldiyindən Ağahüseyn təsəlliverici görüşə qatılıb. Bu mərhələdə güləşçimiz Kanada idmançısı Brian Huttonu (4:0) məğlub etsə də, bürünc medal uğrunda yarışda monqolustanlı Mandaxnaran Ganzoriqlə görüşdə uduzub. Bunula da Ağahüseyn Mustafayev yarışı 5-ci sırada tamamlayıb.
84 kq çəkili güləşçilərin yarışında iştirak edən pəhləvanımız Aleksandr Qostiyev isə mübarizəyə 1/16 finaldan başlayıb. O, yarımfinala qədər Karsten Kopp (Almaniya), Minvon Seo (Koreya) və İstvan Verebi (Macarıstan) məğlub edib. Təmçilçimiz yarımfinalda Rusiya güləşçisi Şamil Kudiyamaqomedovla qarşılaşıb və məğlub olub (3:1). Aleksandr Qostiyev bürünc medal uğrunda görüşdə İran güləşçisi Məhəmmədhüseyn Məhəmmədiana uduzaraq universiadanı 5-ci yerdə tamamlayıb.
Ən ağır çəkili pəhləvanların yarışında komandamızı 120 kq çəkidə Cəmaləddin Məhəmmədov təmsil edib. 1/8 finaldan mübarizəyə qoşulan güləşçimiz ilk görüşdə Yaponiya təmsilçisi Tomoyuki Okanı (8:0) məğlub edib. Növbəti mərhələdə Türkiyə güləşçisi Taka Akgüllə gərgin keçən qarşılaşmada məğlub olan Cəmaləddin təsəlliverici görüşə qatılıb. Lakin güləşçimiz bürünc medal şansını əldən verib.
Yarışların ikinci günündə çəkisi 60 kq, 74 kq və 96 kq olan sərbəst güləşçilər mübarizəyə başlayıblar.
60 kq çəkili idmançıların yarışında təmsilçimiz Hacı Əliyev ilk görüşündə fransız Antoin Massida üzərində inamlı qələbə qazanıb (8:0). Növbəti görüşdə isə o, iranlı Behnam Ehsanpura məğlub olub. Rəqib güləşçinin finala yüksəlməsi təmsilçimizin bürünc medal qazanmaq şansını saxlayıb. Təsəlliverici görüşdə Hacı Əliyev monqol güləşçisi Nemexbayar Batsayxana qalib gəlib (8:0). Həlledici görüşdə bolqar Stefan İvanovu (7:0) məğlub edən Hacı Əliyev universiadanın bürünc medalını qazanıb.
74 kq çəki dərəcəsində döşək üzərinə çıxan Cəbrayıl Həsənov finala qədər inamla mübarizə aparıb. O, finala gedən yolda Marius Atofani (Rumıniya), Qriqor Qriqoryan (Ermənistan), İnnokenti İnnokentev (Qırğızıstan) və Zaur Əfəndiyevi (Serbiya) mübarizədən kənarlaşdırıb. Lakin təmsilçimiz uğurulu çıxışını davam etdirə bilməyib. Həlledici mərhələdə Rusiya güləşçisi Denis Çarquşa ilə qarşılaşan Cəbrayıl məğlub olaraq gümüş medalla kifayətlənib.
Çəkisi 96 kq olan idmançıların yarışında 1/8 finaldan mübarizəyə qoşulan digər güləşçimiz Hacı Şərifov ilk görüşündə erməni rəqibi Edqar Yenokyana qalib gəlib (7:0). Növbəti mərhələdə güləşçimiz qırğız Məhəmməd Musayevi üstələyib (2:1). Təəssüf ki, təmsilçimiz yarımfinalda Rusiya güləşçisi Abdusalam Qadisovla görüşdən məğlub ayrılıb. Hacı Şəfirov bürünc medal uğrunda monqol güləşçisi Xuderbulqa Dorjxandla həlledici görüşdə də uduzaraq universiadanı beşinci sırada tamamlayıb.
Proqrama əsasən, yarışların üçüncü günündə 48 kq, 55 kq, 63 kq və 72 kq çəki dərəcələri üzrə qadın güləşçiləri döşək üzərinə çıxıblar. Təmsilçilərimizdən 48 kq çəki dərəcəsində çıxış edən Patimat Baqomedova 1/8 finalda Braziliya güləşçisi Graziela Conceicao üzərində inamlı (7:0) qələbə qazanıb. Güləşçimiz növbəti mərhələdə kanadalı Nataşa Krambleni də tam üstünlüklə (5:0) məğlub edib və yarımfinala yüksəlib. Bu mərhələdə Ukrayna təmsilçisi Mariya Livaçı üstələyən (4:1) Patimat Baqomedova finala çıxıb. Lakin qadın pəhləvanımız finalda uğurlu çıxışının davamını gətirə bilməyib. Həlledici mərhələdə Yaponiya güləşçisi Eri Tosaka ilə görüşən güləşçimiz məğlub olaraq gümüş medalla kifayətlənib.
Çəkisi 55 kq olan qadın güləşçilərinin yarışında isə komandamızı Yarina Dubovska təmsil edib. Mübarizəyə 1/8 finaldan qoşulan qadın pəhləvanımız Moldova təmsilçisi Mariana Esanu üzərində tam üstünlüklə qələbə qazanıb (5:0). Lakin Yarina növbəti mərhələdə monqol güləşçisi Orxon Purevdorj ilə qarşılaşmada məğlub olaraq yarışıları medalsız başa vurub.
63 kq çəki dərəcəsində komandamızı təmsil edən İrina Netreba 1/8 finalda Türkiyə güləşçisi Hafize Şahini məğlub etsə (8:0) də, növbəti görüşdə monqol güləşçisi Battsetseg Soronzonbolda uduzub. Lakin rəqibin finala yüksəlməsi güləşçimizin bürünc medala gedən yolunu açıb. Təsəlliverici görüşdə Litva güləşçisi Gidre Blekayte üzərində inamlı qələbə qazanan (8:0) İrina Netreba növbəti mərhələyə yüksəlib. Bürünc medal uğrundan həlledici görüşdə isə onun rəqibi yapon Rio Vatari olub. Təmsilçimiz gərgin keçən qarşılaşmada qalib gələrək bürün medala sahib olub.
72 kq çəki dərəcəsi üzrə keçirilən yarışlarda təmsilçimiz Gözəl Zutova mübarizəyə 1/4 finaldan qoşulub. O, qazaxıstanlı Elmira Sızdıkovanı tam üstünlüklə məğlub edib (5:0). Lakin güləşçimiz yarımfinalda Rusiya təmsilçisi Yekaterina Bukina ilə qarşılaşmadan məğlub ayrılıb. Bürünc medal uğrunda Kanada güləşçisi Erika Viebe ilə görüşən Gözəl Zutova bu qarşılaşmada da məğlub olaraq yarışları 5-ci yerdə tamamlayıb.
Yarışların dördüncü günündə isə çəkisi 51 kq, 59 kq və 67 kq olan qadın güləşçilər qüvvələrini sınayıblar.
51 kq çəkidə yarışan təmsilçimiz Anjela Doroqanın debütü uğurlu alınmayıb. O, ilk görüşdə yapon Hikari Sugavaraya məğlub olub. Lakin rəqibinin finala çıxması güləşçimizin bürünc medal qazanmasına yol açıb. Təsəlliverici görüşdə Kanada güləşçisi Diana Fordu mübarizədən kənarlaşdıran Anjela bürünc medal uğrunda həlledici görüşə çıxıb. Lakin görüş təmsilçimiz üçün uğurlu alınmayıb və o, universiadanı beşinci yerdə tamamlayıb.
Çəkisi 59 kq olan qadın pəhləvanların yarışında komandamızı Yuliya Ratkeviç təmsil edib. Medal qazanmaq iddiasında olan təmsilçimiz bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Mübarizəyə 1/8 finaldan qoşulan Yuliya monqol güləşçisi Munxtuya Tungalag, 1/4 finalda qırğız Aysulu Tınıbekova, yarımfinal görüşündə isə Rusiya güləşçisi Jarqalma Tsirenovanı mübarizədən kənarlaşdırıb. Həlledici mərhələdə ABŞ təmsilçisi Alisson Raganı məğlub edən Yuliya Ratkeviç komandamıza qızıl medal qazandırıb.
67 kq çəki dərəcəsində çıxış edən qadınların mübarizəsində təmsilçimiz Natalya Palamarçuk 1/4 finalda belaruslu Hanna Savenia üzərində qələbə qazanıb. Yarımfinalda yapon Sara Doşoya uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Lakin həlledici görüşdə Kanada təmsilçisi Stas Anaka ilə görüşdə də məğlub olan Natalya Palamarçuk bürünc medal qazanmaq şansını əldən verib.
İyulun 15-də isə döşək üzərinə 55 kq, 66 kq, 84 kq və 120 kq çəki dərəcələri üzrə yarışan yunan-Roma güləşçiləri çıxıblar. Təmçilçilərimiz günü 1 qızıl və 1 bürünc medalla başa vurublar.
55 kq çəki dərəcəsində komandamızı təmsil edən Eldəniz Əzizli mübarizəyə 1/8 finaldan başlayıb. Braziliya təmsilçisi Rafael Camargos üzərində inamlı qələbə qazanan (8:0) güləşçimiz 1/4 finalda qırğız Eldiyar Beqaliyevlə qarşılaşıb. Görüşü qələbə ilə (4:3) başa vuran güləşçimiz yarımfinala yüksəlib. Təəssüf ki, həmyerlimiz bu mərhələdə Rusiya güləşçisi İvan Tatarinova məğlub olub. Lakin bürünc medal uğrunda təsəlliverici görüşə çıxan Eldəniz Türkiyə güləşçisi Ferhat Tekini məğlub edərək (6:2) bürünc medala sahib olub.
Çəkisi 66 kq olan yunan-Roma güləşçilərinin yarışında komandamızı təmsil edən Rəsul Cunayev qızıl medala layiq görülüb.
Yarışa 1/16 finaldan başlayan Rəsul finala qədər Toni Stade (Almaniya), Qriqorz Vanke (Polşa), Muhammet Kocatinaz (Türkiyə), Afşin Byabanqardı (İran) mübarizədən kənarlaşdırıb. Həlledici mərhələdə təmsilçimiz Rusiya güləşçisi İslambek Albiyev üzərində inamla qələbə qazanaraq (8:0) komandamıza növbəti qızıl medalı qazandırıb.
Digər güləşçilərimiz Fuad Əliyev (84 kq) və Abbas Abdullayev (120 kq) yarışları medalsız başa vurublar.

Atletimiz universiadanın
qızıl medalını qazanıb

Universiadada 5 min metr məsafəyə qaçış üzrə yarışda ölkəmizi təmsil edən Hayle İbrahimov komandamıza qızıl medal qazandırıb. Belə ki, təsnifat mərhələsində rəqiblərini qabaqlayan atletimiz 5 min metr məsafəni 13 dəqiqə 50 saniyəyə qət edərək finala yüksəlib. Həlledici mərhələdə də uğurlu çıxışını davam etdirən təmsilçimiz qeyd olunan məsafəni 13 dəqiqə 35 saniyəyə qət edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Şahmatçılarımız
ən güclü rəqiblərdən sayılırlar

Tatarıstanın Kazan şəhərində 27-ci Dünya Yay Universiadası davam edir. Şahmat yarışlarının doqquzuncu turunda ölkəmizi təmsil edən idmançıların rəqibləri müəyyənləşib.
Belə ki, kişi şahmatçılarımızdan Nicat Abbasov ilə R.Rajapakse (Şri-Lanka), Zaur Məmmədov Çuong Famla (Vyetnam), Bəhruz Rzayev Robert Hadbokla (Rumıniya), Vasif Durarbəyli Əmin Bassemlə (Misir) üz-üzə gələcək. Qızların mübarizəsində isə Türkan Məmmədyarova Anjelika Stoyaniviçi (Serbiya), Nərgiz Umudova Badxuaq Munquntulanı (Monqolustan), Nərmin Kazımova Anastasiya Savinanı (Rusiya), Nərmin Xəlilova Sitra Devini (Polşa) sınağa çəkəcək.
Məlumat üçün qeyd edək ki, təmsilçimiz Vasif Dürarbəyli 5,5 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
9-cu turun oyunları gec başa çatdığından nəticələrlə növbəti sayımızda tanış ola bilərsiniz.

Samboçularımız medalların sayını artırırlar

Tatarıstanın paytaxtı Kazanda keçirilən 27-ci Dünya Universiadası davam edir.
57 kiloqram çəki dərəcəsində mübarizə aparan samboçumuz İslam Qasımov ilk görüşdə qırğızıstanlı Musa Telekadan üstün olub.
Təəssüf ki, təmsilçimiz uğurlu çıxışını davam etdirə bilməyib. 1/4 finalda samboçumuz rusiyalı Aymerqen Atkunovla qarşılaşmada məğlub olub. Rusiyalı samboçunun finala yüksəlməsi təmsilçimizin bürünc medal qazanmasına şans yaradıb. Təsəlliverici görüşdə özbəkistanlı Bekzotbek Kudratillayevi məğlub edən samboçumuz bürünc medal uğrunda Gürcüstan idmançısı Gennadi Çiqradze ilə qarşılaşıb. Rəqibini məğlub edən İslam Qasımov Kazan Universiadasının bürünc medalını qazanıb.
Bununla da samboçularımız universiadada üçüncü medalı əldə ediblər. Xatırladaq ki, bundan əvvəl Ağasif Səmədov və Emin Həsənov komandamıza bürünc medalları qazandırıblar.