Təmsilçimiz “Algeria İnternational 2019” turnirində ikinci yerlə kifayətlənib

Təmsilçimiz “Algeria İnternational 2019” turnirində ikinci yerlə kifayətlənib


Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Əlcəzairdə keçirilən "Algeria International 2019” turnirində gümüş medal qazanıb. Turnirin reytinq favoritlərindən sayılan badmintonçumuz 1/16 finalda hindistanlı Anant Şivam Jindalı 2:0 hesabı ilə məğlub edib. Dviçayo növbəti mərhələdə yerli idmançı Yosef Sabri Medel üzərində 2:0 hesablı qələbə qazanmaqla 1/4 finala yüksəlib. Bu mərhələdə Türkiyə təmsilçisi Emre Laleni 2:1 hesabı ilə üstələyən təmsilçimiz yarımfinalda Mavriki badmintonçusu Corcs Julyen Paulu mübarizədən kənarlaşdırıb - 2:0. Badmintonçumuz finalda turnirin 1 nömrəli reytinq favoriti, Bakıda keçirilən ilk Avropa oyunlarının qalibi ispan Pablo Abiana 0:2 hesabı ilə uduzub. "International Series” kateqoriyalı yarışı ikinci sırada başa vuran Dviçayo hesabına 2130 reytinq xalı yazdırıb.
Digər badmintonçumuz Ezmi Qovimuramadhoninin onaltıdabir finalda rəqibi yarışda iştirak etmədiyindən təmsilçimiz mübarizəyə 1/8 finaldan qoşulub. Təmsilçimiz bu mərhələdə Fransa təmsilçisi, bir çox "International” seriyalı yarışların qalibi Leo Rossiyə 0:2 hesabı ilə məğlub olub.