Varşavada səfərdə olan Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov Avropa Olimpiya Komitələrinin (AOK) 48-ci Baş Assambleyasında çıxış edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Olimpiya dünyası” qəzetinə bildiriblər ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, AOK-un prezidenti Yanes Kosyançiçin də iştirak etdiyi tədbirdə A.Rəhimov çıxışında bir neçə mühüm məsələyə toxunub.
Bu ilin iyulunda Bakıda keçirilmiş XV Avropa Gənclər Olimpiya Festivalı haqqında danışan nazir ölkəmizin bu yarışa hazırlığı, görülmüş işlər, təşkilati məsələlər və ümumilikdə bir sıra istiqamətlər haqqında məlumat verib. A.Rəhimov vurğulayıb ki, Avropanın 48 ölkəsindən 2613 ən güclü idmançının iştirak etdiyi yarış 26 ölkədən 346 jurnalist tərəfindən işıqlandırılıb. Yerli və beynəlxalq texniki heyətlərin 763 üzvü Oyunların təşkilinə cəlb olunub. On iki arena yarışların keçirilməsi üçün bütün standartlara cavab verib. Beş yüz azərbaycanlı peşəkar Oyunların ərsəyə gəlməsində müstəsna rol oynayıb.
Sonra ölkəmizin idman siyasətindən, bu istiqamətdə atılan addımlardan söz açan nazir Azərbaycanda ötən illər ərzində uğurla həyata keçirilmiş idman yarışları, bu turnirlərə tamaşaçı marağı, arenaların fəaliyyəti, idman siyasəti və digər mühüm məsələlərdən danışıb. Könüllük hərəkatının da Azərbaycanda geniş vüsət aldığını diqqətə çatdıran A.Rəhimov hazırda təkcə idman yarışlarında deyil, digər tədbirlərdə də könüllülərin aparıcı qüvvə olduğunu söyləyib. Bildirib ki, Avropa Gənclər Olimpiya Festivalında 2500 könüllünün iştirakı nəzərdə tutulsa da, bu rəqəm artaraq 3500 olub.
A.Rəhimov səfəri çərçivəsində BOK, AOK və digər mötəbər qurumların rəhbər şəxsləri ilə də görüşlər keçirib.