Azərbaycan Milli Paralimpiya Komitəsinin iclası keçirilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin iclası keçirilib


İyulun 11-də Sumqayıt Paralimpiya İdman Kompleksinin konfrans zalında Azərbaycan Milli Paralimpiya Komitəsinin (ARMPK) iclası keçirilib. İclası Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov açaraq qeyd edib ki, ölkəmizdə paralimpiya Hərəkatının genişləndirilməsi istiqamətində son altı ayda komitə tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Bildirilib ki, hesabat dövrü paralimpiyaçılarımız üçün bir sıra hadisələrlə əlamətdar olub. Belə ki, nizamnaməyə uyğun olaraq komitənin IV hesabat-seçki konqresi keçirilib, idmançılar bir sıra mühüm yarışlarda uğurla iştirak ediblər. İlqar Rəhimov 2016-cı ildə Braziliyada keçiriləcək XV Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə peşəkar idmanın inkişafı, idarəetmənin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
İclasda Azərbaycanda Paralimpiya Hərəkatının yaranmasından və inkişafından bəhs edən videofilm nümayiş olunub.
Sonra ARMPK-nın birinci vitse-prezidenti Natiq Qasımovun gündəlikdə duran məsələyə - ilin birinci yarısı ərzində görülən işlərə və qarşıda duran vəzifələrə dair məruzəsi dinlənilib. O qeyd edib ki, yanvar ayından başlayaraq, altı idman növü üzrə 43 idmançı respublika daxilində, iki idman növündə isə 44 idmançı ölkə xaricində təlim-məşq toplanışlarına cəlb olunub. İdmançılarımız bir sıra beynəlxalq yarışlarda uğurla iştirak edərək üç qızıl, bir gümüş və bir bürünc medal qazanıblar. Bir idmançımız dünya, iki idmançımız isə Avropa rekordunu təzələyib.
Məruzəçi paralimpiyaçıların ölkənin ictimai həyatında da fəal iştirakından danışaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Milli Paralimpiya Komitəsi ulu öndərin 90 illik yubileyi ilə əlaqədar may ayının ilk günlərindən silsilə tədbirlər həyata keçirməyə başlayıb. İlk olaraq ümummilli liderin ana vətənində, Naxçıvanda "Paralimpiya idman festivalı” keçirilib. Festivala Bakı şəhərindən 80 nəfərlik geniş nümayəndə heyəti qatılıb. Onların arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev, paralimpiya çempionu Oluxan Musayev, dünya və Avropa çempionatlarının digər mükafatçıları da yer alıblar. Naxçıvanda belə bir festivalın keçirilməsi muxtar respublikada Paralimpiya Hərəkatının genişləndirilməsinə öz müsbət təsirini göstərib və yeni idman növləri üzrə komandalar formalaşmağa başlayıb. Bu sahədə komitə tərəfindən Naxçıvan Paralimpiya Federasiyasına lazımi kömək göstərilir.
Natiq Qasımov həyata keçirilən digər tədbirlər barədə də məlumat verərək deyib: "Fiziki qüsurlu idmançı Elşən Rizvanov mayın 6-dan 9-dək 215 kilometr məsafəni əlil arabası ilə qət edərək Qəbələdən Bakıya, Fəxri xiyabana gəlib və ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Növbəti, möhtəşəm tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Əlil arabasında idman rəqsi üzrə beynəlxalq festival” adı altında keçirilib. Dənizkənarı Milli parkda təşkil olunan bu festivalda səkkiz ölkənin 26 idmançı rəqqası öz rəngarəng çıxışları ilə paytaxtımızın sakinlərinə və qonaqlarına xoş anlar bəxş edib”.
Məlumat verilib ki, komitənin strateji fəaliyyət planına uyğun olaraq, beynəlxalq əlaqələrin genişləndirilməsi, ölkəmizin qış paralimpiya oyunlarında iştirakının təmin edilməsi məqsədi ilə bir neçə ölkənin Paralimpiya Komitəsi ilə əməkdaşlıq barədə razılığa gəlinib. Sonra ARMPK-nın prezidenti İ. Rəhimov gündəlikdə duran ikinci məsələ ilə əlaqədar bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi münasibətilə keçirilən tədbirlərdən biri də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) dəstəyi ilə əlil arabasında olan paralimpiyaçılarımızın Moskva vilayətində 4000 metr hündürləkdən təyyarədən paraşütlə tullanma idman növü üzrə keçirilən tədbir olub. Tədbirdə Azərbaycanın idman tarixində ilk dəfə əlil arabasında olan paralimpiyaçı xanımımız Vüsalə Kərimova ulu öndər Heydər Əliyevin 90 illiyi münasibətilə xüsusi hazırlanmış bayraqla 4000 metr hündürlükdən təyyarədən paraşütlə tullanıb. Əlil arabasında olan paralimpiyaçı idmançı Kamal Məmmədov da onunla birlikdə paraşütlə tullanıb. Paralimpiyaçılarımıza dəstək olaraq AMOR təşkilatının üzvü Dünya Dadaşova və Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov da onlarla birlikdə paraşutla tullanıblar. İ. Rəhimov qeyd edib ki, AMOR təşkilatının rəhbəri Leyla xanım Əliyevanın tapşırığı ilə təşkilatın üzvləri tədbir boyu paralimpiyaçılarımıza dəstək olaraq onlarla birlikdə olublar və L. Əliyevanın adından hər iki paralimpiyaçımıza pul mükafatı verilib. Sonra Azərbaycanın Rusiyadakı səfirliyində səfir Polad Bülbüloğlunun rəhbərliyi ilə AMOR təşkilatının üzvləri ilə paralimpiyaçılarımızın görüşü keçirilib. Görüşdə paralimpiyaçılarımız öz təəssüratlarını bölüşüblər.
İ. Rəhimov qeyd edib ki, MPK-nin qərarı ilə 4000 metr hündürlükdən təyarədən paraşutla tullanan Vüsalə Kərimova, Kamal Məmmədov, Dünya Dadaşova və Natiq Qasımov qiymətli hədiyyə və ARMPK-nın diplomu, göstərdikləri dəstəyə görə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, AMOR təşkilatı və təşkilatın üzvü Emin Hacıyev ARMPK-nın diplomu ilə mükafatlandırılıblar.
Keçirilən tədbir haqqında videoçarx nümayiş etdirildikdən sonra tədbir iştirakçıları öz təəssüratları haqqında danışıblar. Sonda AMPK-nın prezidenti İlqar Rəhimov və Milli Məclisin üzvü Rauf Əliyev tədbir iştirakçılarına mükafatları təqdim ediblər.
İclasın sonunda "Edusoff” şirkətinin direktoru Ruslan Dadaşov ARMPK-nın yeni rəsmi internet saytının təqdimatını edib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin
Mətbuat Xidməti