Qadın hokkeyçilərimiz Avropa çempionatına yola düşür

Qadın hokkeyçilərimiz Avropa çempionatına yola düşür


Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu il iyulun 22-dən 28-dək Fransanın Camrai şəhərində Avropa çempionatında iştirak edəcək. 2011-ci ildə koreyalı məşqçilərin rəhbərliyi ilə iki ildən bir keçirilən qitə birinciliyində uğursuz çıxış edərək yüksək dəstəni tərk edən yığmamız hazırda baş məşqçi Adil Paşayevin rəhbərliyi altında yenidən Avropanın 8 ən güclüsü sırasına vəsiqə qazanmaq üçün ciddi hazırlıq keçib.
Qadın hokkeyçilərimiz qitə çempionatında uğurlu çıxış məqsədilə bu ilin mart ayından başlayaraq Almaniyanın Hamburq şəhərində həmin ölkənin, Hollandiya və İngiltərənin qabaqcıl klubları ilə 3 yoxlama oyununda qüvvələrini sınayıblar. Novruz bayramı ərəfəsində Bakıya gələn Rusiya yığması ilə keçirilən 4 sınaq oyunu da qadın hokkeyçilərimizin qitə çempionatına hazırlığı proqramına daxil idi. Hokkeyçilərimiz həmin görüşlərin 2-ni qələbə, 1-ni heç-heçə, 1-ni isə məğlubiyyətlə başa vurmuşdular. Aprel ayında millimiz ikitərəfli razılığa əsasən Litva Respublikasında keçirilən təlim-məşq toplanışı zamanı Vilnüs şəhərində yerli hokkeyçilərlə 4 yoldaşlıq matçının hamısında qələbə qazanıb. İyunun 4-dən hazırlığın növbəti mərhələsini İtaliyanın Roma şəhərində keçirən həmyerlilərimiz həmin ölkənin milli komandası ilə 3 yoxlama oyununda qarşılaşıb və 50 faizlik nəticə göstəriblər (1 qələbə, 1 heç-heçə və 1məğlubiyyət). Qadın hokkeyçilərimiz növbəti sınaq görüşlərini iyunun sonu, iyul ayının əvvəllərində Çexiyada və Polşada keçiriblər. Praqa şəhərində həmyerlilərimiz 3 dəfə çexləri, 1 dəfə isə Avstriya təmsilçilərinin məğlub ediblər. Polşanın Poznan şəhərindəki sonuncu təlim-məşq toplanışında isə qızlarımız həmin ölkənin yığma komandası ilə 2 yoxlama oyunda qələbə qazanıb, 1-də uduzublar. Xatırladırıq ki, Avropanın 8 ən güclüsü sırasına çıxmaq uğrunda mübarizədə millimizin "A” qrupundakı rəqibləri Fransa (22 iyul), Ukrayna (24 iyul) və Litva (25 iyul)komandaları olacaqlar. "B” qrupunda isə İtaliya, Rusiya, Polşa və Avstriya hokkeyçiləri yarışacaqlar. İlkin mərhələ başa çatdıqdan sonra - iyulun 27-də qrup qalibləri "çarpaz” üsulla digər qrupun ikincisi ilə qarşılaşacaqlar. Həmin oyunlarda qələbə qazananlar növbəti Avropa çempionatında elitada mübarizə aparmaq hüququ əldə edəcəklər. İyulun 28-də keçiriləcək görüşlər isə formal xarakter daşımaqla iştirakçıların yekun yerlərini müəyyənləşdirəcək. Bu həftənin cümə günü sübh tezdən Bakı -İstanbul - Brüssel təyyarə reysi ilə səfərə yollanacaq qadın otüstü hokkeyçilərdən ibarət milli komandamız yarış yerinə - Fransanın Cambrai şəhərinə Brüsseldən avtobusla gedəcək. Komandanın baş məşqçisi, Əməkdar məşqçi Adil Paşayev səfər ərəfəsində bildirib ki, hokkeyçilərimiz yarışa yaxşı hazırlaşıblar. - "Yoxlama oyunlarında qızlarımız özlərini yaxşı cəhətdən göstərə bildilər. Heyətdə 4-5 nəfər perspektivli azərbaycanlı oyunçunun yer alması bizi sevindirsə də, onların özlərinə inamı əsas şərtdir. Ümidvaram ki, AÇ-də təcrübəli hokkeyçilərlə gənclərin birgə səyi nəticəsində qarşıya qoyduğumuz vəzifənin öhdəsindən gələ biləcəyik. Qrupumuzdan ukraynalıların və bizim ilk 2 yeri tutmağa real şansımız var. Amma hadisələri qabaqlamaq istəmirəm. İlk oyunda yerli Fransa komandasına qarşı çıxış etməyimiz də o qədər ürəkaçan deyil. Hər halda, inanıram ki, yığmamız əsas vəzifənin öhdəsindən gələrək güclülər dəstəsinə vəsiqə qazana biləcək”, - deyə baş məşqçi Adil Paşayev bildirib. Sonda milli komandamızın Avropa çempionatında iştirak edəcək heyətini təqdim edirik: qapıçılar-Viktoriya Şahbazova və Səadət Nuriyeva, müdafiəçilər- Əminə Müzəffərova, Zoya Lebedyuk, Alyona Karas və Feruza Makayeva, yarımmüdafiəçilər- Xatirə Əliyeva, Lyudmila Çequrko,Yuliya Muradi, Tatyaniya Kiyaniçenko, Gülər Aydınlı, Nərgiz Novruzova, Tamella Əlivəliyeva və Xalidə Zeynalova, hücumçularb - Lyubov Drujinina, Fəridə Məmmədova, Anastasiya Tsıqanskaya və Amaliya Həsənova.