İyulun 13-də İspaniyanın paytaxtı Madrid şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə böyüklər arasında "İspaniya Qran-prisi” keçirilib. Turnirdə ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandalarımız təmsil ediblər. Güləşçilərimiz ümumilikdə 7 qızıl və 5 gümüş medal qazanıblar.
Yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (55 kq), Orxan Əhmədov (60 kq), Həsən Əliyev (66 kq) və Saman Təhmasibi (84 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Digər idmançılarımız Elçin Əliyev (55 kq) və Vitali Rəhimov (66 kq) finalda öz həmyerlilərinə uduzaraq gümüş medala sahib olublar. Ümumilikdə 4 qızıl və 2 gümüş medal qazanan yunan-Roma güləşiçilərimiz komanda hesabında ikinci yerə layiq görülüblər.
Pəhləvanlarımız sərbəst güləş üzrə keçirilən yarışlarda da uğurlu nəticə ilə yadda qalıblar. Təmsilçilərimizdən Ruslan Dibirhacıyev (66 kq), Xetaq Qazyumov (96 kq) və Aslan Dzebişov (120 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüblər. Gümüş medalları isə komandamıza Əşrəf Əliyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq) və Şərif Şərifov (96 kq) qazandırıblar. Ümumilikdə 3 qızıl və 3 gümüş medal əldə edən güləşçilərimiz komanda hesabında ikinci pillədə qərarlaşıblar.
Məlumat üçün qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.