«Olimpiya dünyası»nın keçmiş əməkdaşı Moskvada gümüş medala layiq görülüb

«Olimpiya dünyası»nın keçmiş əməkdaşı Moskvada gümüş medala layiq görülüb
Moskvada idman jurnalistləri arasında "Energiya pobed” adlı ənənəvi doqquzuncu müsabiqə-festivala yekun vurulub.
Tanınmış idman yazarı Rasim Mövsümzadə beynəlxalq müsabiqənin əcnəbi rusdilli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında "Ən yaxşı yazı” nominasiyasında ikinci yeri tutaraq gümüş medalla təltif olunub. Həmyerlimizin "Sportsman” jurnalında çıxan "Məlum və naməlum Qullit” yazısı beynəlxalq festivalda fərqlənib. Burada azərbaycanlı yazarın futbolla bağlı uşaqlıq xatirələri, ötən əsrin 80-ci illərinin sovet mətbuatı, həmçinin nüfuzlu "Qızıl top” mükafatı və məşhur niderlandlı futbolçu Ruud Qullit barədə maraqlı faktlar yer alıb.
"Qazprom” şirkətinin dəstəyi, Rusiya Olimpiya Komitəsi və Rusiya İdman Jurnalistləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışa Rusiyanın regionlarından və xarici ölkələrdən 305 jurnalist qatılıb. Son bir il ərzində işıq üzü görmüş işlərin qəbul edildiyi müsabiqənin münsiflər heyətinin sədri məşhur idman şərhçisi Viktor Qusev olub.
Laureatların mükafatlandırılması mərasimi Moskvanın tarixi mərkəzində "Krasnıy Oktyabr” art-klasterində keçirilib. Qalib və mükafatçılara medal, diplom və xatirə hədiyyələri təqdim olunub.
"Energiya pobed” müsabiqə-festivalı ilk dəfə 2011-ci ildə təşkil edilib. İndiyədək müsabiqəyə Rusiya və digər ölkələrdən iki mindən çox jurnalist qatılıb.
Yazıları müxtəlif vaxtlarda Türkiyə, Almaniya, Fransa, İngiltərə, Rusiya və s. ölkələrdə nəşr olunan R.Mövsümzadə, həmçinin "Bir qolun tarixçəsi” kitabının müəllifidir. O, 2007-ci ilin fevralında Rusiyanın "Ves futbol" jurnalının futbol üzrə dünya çempionatlarının tarixinə həsr olunmuş çətin viktorinasının qalibi olub. R.Mövsümzadə 2013-cü ildə Türkiyədə "İlin ən yaxşı əcnəbi idman yazarı” nominasiyasında "Futbol Oskarı”, 2015-ci ildə isə "Sportsman” jurnalı tərəfindən "İlin idman jurnalisti” nominasiyasında "Zəfər” mükafatlarına layiq görülüb.