Dekabrın 27-də Azərbaycan Atletika Federasiyası (AAF) 2019-ci ilə yekun vurub. AAF-ın prezidenti Çingiz Hüseynzadə tədbirdə çıxış edərək yola saldığımız ilin atletlərimiz üçün uğurlu olduğunu vurğulayıb. O, gələn il qarşıda daha böyük hədəflərin durduğunu vurğulayaraq, idmançılara uğurlar arzulayıb.
Federasiyanın baş katibi Məhərrəm Sultanzadə hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, bu il atletlərimiz 28 beynəlxalq yarışda mübarizə aparıblar. Bunlardan 7-si qış, 21-i isə yay idman növləri üzrə olub. Həmin yarışlarda atletlərimiz 4 qızıl, 9 gümüş və 9 bürünc medal qazanıblar. Atletlərimizdən Nazim Babayev Qlazqoda keçirilən qış Avropa çempionatının və İtaliyanın Neapol şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub. O, 23 yaşadək idmançılar arasında Avropa çempionatında gümüş medal qazanıb. Anna Skidan və Aleksis Kopello isə Dohada keçirilən dünya çempionatının final mərhələsinə vəsiqə qazanaraq yarışı yeddinci pillədə başa vurublar.
Qeyd edilib ki, il ərzində ölkəmizdə ikisi beynəlxalq miqyaslı olmaqla 20 yarış təşkil olunub. Yarışlardan əlavə federasiya tərəfindən bir sıra seminar və tədbirlər keçirilib. Həmçinin federasiyanın nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər. Eyni zamanda, cari ildə atletika üzrə qışda 5, yayda isə 4 Azərbaycan rekordu müəyyənləşib. AAF-ın icraçı direktoru Kamal Əhmədov federasiyanın inkişafındakı roluna və Avropa Atletika Assosiasiyasının tədbirlərində fəal iştirakına görə həmin qurumun mükafatına layiq görülüb. Yığma komandamızın sprint üzrə məşqçisi Tofiq Əliyev də əldə etdiyi nailiyyətlərə görə Avropa Atletika Federasiyası tərəfindən təltif olunub. Namiq Əsədov isə respublika dərəcəli hakim adına layiq görülüb.
Çıxışlardan sonra müxtəlif nominasiyalar üzrə ilin ən yaxşıları mükafatlandırılıb. "İlin ən yaxşı idmançısı” nominasiyasında Anna Skidan (çəkicatma) və Nazim Babayev (üç təkanla tullanma) təltif ediliblər. Ziyad Xəlfəyev "Ən yaxşı məşqçi”, Kənan Məhərrəmov "İlin hakimi” və Rüstəm Məmmədov isə "İlin gənc idmançısı” adlarına layiq görülüblər.