79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Murad Fərzəliyev seçicilərlə müntəzəm olaraq, çoxsaylı görüşlər keçirir. Bir gündə rayonun 4 yaşayış məntəqəsində və seçki qərargahında seçicilərlə görüşlər keçirən deputatlığa namizəd seçicilərin problemləri, təklifləri, arzu və istəkləri ilə maraqlanaraq həlli yerində mümkün olan problemlərə operativ kömək etməyə çalışır. Müxtəlif vaxtlarda şəhərin 2 yaşayış məntəqəsində seçki komandasının üzvləri ilə piyada gəzintiyə çıxan Murad Fərzəliyevi bu ərazilərdə seçicilər qarşılayıb. Şəhər ərazisində keçirilən görüşlərdə seçicilər daha çox müxtəlif sosial obyeklərin tikilməsinə ehtiyac olduğunu vurğulayıblar. Rayonun Gövhərli və Ölcələr kəndlərində seçicilərlə keçirilən kütləvi görüşlərdə də müxtəlif məsələlərə, xüsusilə kənddaxili yolların asfaltlaşdırılması, əkin sahələrinin suvarılması üçün su probleminin olması, daha çox iş yerlərinin yaradılması və.s problemlərdən danışılıb. Deputatlığa namizəd Murad Fərzəliyev seçicilər tərəfindən qaldırılan bu məsələləri diqqətlə dinləyərək, onların həll edilməsinin mümkün olduğunu bildirib. O, Milli Məclisə növbədənkənar seçkilərin demokratik və şəffaf keçəcəyini, seçicilərin ən cox etimad göstərdiyi deputatlığa namizədlərin seçiləcəyini diqqətə çatdıraraq, səsvermə hüququ olanları 9 fevralda seçki məntəqələrinə gələrək seçkilərdə fəal iştirak etməyə çağırıb. Görüş iştirakçıları bu çağrışa qoşularaq, seçki günü müvafiq məntəqələrə gələrək Murad Fərzəliyevi dəstəkləyəcəklərini bildiriblər. 79 saylı İmişli seçki dairəsinə təqdim edilən təbliğat və təşviqat planına uyğun olaraq, digər kəndlərdə də görüşlər keçiriləcək.
DEPUTATLIĞA NAMİZƏD MURAD FƏRZƏLİYEV BİR GÜNDƏ 4 YAŞAYIŞ MƏNTƏQƏSİNDƏ SEÇİCİLƏRLƏ KÜTLƏVİ VƏ FƏRDİ GÖRÜŞLƏR KEÇİRDİ