“Qələbə qazandığım üçün çox sevinirəm”

“Qələbə qazandığım üçün çox sevinirəm”

Avropa Yeniyetmələrinin Olimpiya Festivalında atletika idman növündə qızıl medal qazanan Nazim Babayev uğurlu çıxışından dərhal sonra "Olimpiya dünyası” qəzetinə müsahibə verərək, qələbə sevincini çoxsaylı oxucularımızla bölüşmüşdür.

- Nazim, səni qızıl medal qazanmağın münasibətilə təbrik edirik. Yəqin ki, indi çox həyəcanlısan. Maraqlıdır, hansı hissləri keçirirsən?
- Təbrikə görə sağ olun. Yarış zamanı özümü soyuqqanlı aparsam da, doğrusu qələbədən sonra bu qədər həyəcan keçirəcəyimi düşünmürdüm. Görünür ki, rəqiblərimlə mübarizəyə başım çox qarışdığı üçün həyəcanlanmaq, necə deyərlər, heç yadıma düşməyib. İndi həm çox sevinir, həm də həyəcanlanıram.
- Rəqiblərin kifayət qədər güclü idi. Ona görə də, medal əldə etmək üçün çox gərgin mübarizə aparmalı oldun...
- İlk mərhələdən qabaqda olsam da, güclü rəqiblərim məni daban-dabana təqib edirdilər. Xüsusilə, Rusiya və İspaniya idmançıları məni ötüb keçməyə çalışırdılar. Ancaq mən də onların nəticələrini nəzarətdə saxlayır və daha inamlı mübarizə aparırdım. Düzünü desəm, qızıl medal qazanmaq o qədər asan olmadı və bunun üçün çox gərgin mübarizə getdi. Mən bu qələbəmə görə məşqçilərimə, mənə lazımi şərait yaradan bütün insanlara, xüsusilə, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadəyə minnətdarlığımı bildirirəm.