Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Almaniyanın Die Welt qəzetinə Olimpiya oyunları barədə öz fikirlərini bildirib. Tomas Bax bildirib ki, Tokio-2020 Yay Olimpiya oyunlarının təxirə salınması vacib idi. "Olimpiya Oyunları 4 ildən bir keçirilən ən böyük idman tədbiridir. Bu yarışda dünyanın bütün ölkələrindən yüzlərlə idmançı iştirak edir. Minlərlə azarkeş olimpiadanı canlı izləmək üçün təşkilatçı ölkəyə gəlir. Bu il bu nəhəng idman tədbirini keçirə bilmədik. Səbəb isə aydındır. Pandemiya hazırda bütün dünyanı cənginə alıb. Ölkələri yalnız virusla mübarizə düşündürur. BOK hələ əvvəldən buna görə narahat idi. Yaponiya rəsmiləri də çətinliklə üzləşmişdilər. Onlar bizi bildirmişdilər ki, Olimpiadanın vaxti dəyişməsə, təşkilatçı ölkə çıxılmaz vəziyyətdə qalacaq. Olimpiya kəndi, arenaların inşası yarimçıq qalıb. Bu adi məsələ deyil" - deyə Tomas Bax deyib.
Ali qurumun rəhbəri baş verənlərə görə təəssüfləndiyini də gizlətməyib. O deyib ki, Olimpiya oyunlarının təxirə salınması 11 min idmançının arzuların puç edib. Halbuki, onlar artıq 4 ildir ki, olimpiadanın başlanmasını gözləyirdilər. "Hamı bu xəbərdən məyus oldu. Biz vəziyyətdən çıxış yolunu Olimpiadanı bir il sonraya salmaqda gördük. Üzümü buradan idmançılar tutub, deyirəm ki, səbrli olun. Gəlin birlikdə bu virusa qalib gələk. Yeri gəlmişkən qeyd edim ki, Olimpiya təsnifat yarışlarında lisenziya qazananlar arxayın olsunlar. Onların zəhməti hədər getməyəcək. Bir az da gözləsək, heçnə olmaz. Səbrimiz ən böýük üstünlüyümüzdür" , - deyə BOK rəsmisi əlavə edib.
Məlumat üçün bildirək ki, BOK və Yaponiya baş naziri Şinzo Abenin birgə razılığı əsasında Tokio Olimpiya Oyunlarının 2021-ci ildə (23 iyul - 8 avqust) keçiriləcəyi qərara alınıb.
Tomas Bax: "Gəlin əvvəlcə bu virusa qalib gələk"