KİVDF-nin Müşahidə Şurasının iclası keçirilib

KİVDF-nin Müşahidə Şurasının iclası keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVİDF) Müşahidə Şurasının iclası keçirilib. Fonddan olimpnews.az-a daxil olan məlumata görə, iyulun 18-də keçirilən Müşahidə Şurasının iclasının gündəliyinə iki məsələ daxil edilib:

- 22 iyul Milli Mətbuatın yaranmasının 138 illik günü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin təsdiqi;

- Milli Mətbuatın yaranmasının 138 illik gününün təntənəli şəkildə qeyd edilməsi üçün proqramın təsdiqi .

İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev gündəlkdə duran birinci məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. Vüqar Səfərli bildirib ki, 22 iyul Milli Mətbuatın yaranmasının 138 illik günü ilə əlaqədar keçirilən fərdi jurnalist yazıları müsabiqəsində iştirak etmək üçün 92 nəfər jurnalist yazı təqdim edib.Təqdim edilmiş yazılar Fondun müəyyənləşdirdiyi ekspertlər tərəfindən qiymətləndirilib.

Müsabiqəyə təqdim edilmiş yazıı müəlliflərinin siyahısı ekspert rəyləri ilə birgə Müşahidə Şurasının üzvlərinə təqdim edilib. Təqdim edilmiş sənədlər ətrafında müzakirə aparan Müşahidə Şurasının üzvləri ekspert rəylərini əsas götürərək, 45 nəfər jurnalistin müsabiqənin qalibi, 15 nəfər jurnalistin isə həvəsləndirici mükafatla təltif edilməsi barədə qərar qəbul ediblər. Müsabiqənin şərtlərinə əsasən, yüksək bal toplayaraq qalib olan 45 nəfər jurnalistə 1000 manat, həvəsləndirici yer tutan 15 nəfər jurnalistə isə 300 manat mükafat verilməsi barədə qərar qəbul edilib.

Müşahidə Şurasının üzvləri gündəlikdə duran ikinci məsələ - 22 iyul Milli Mətbuatın yaranmasının 138 illik gününün təntənəli şəkildə qeyd edilməsini müzakirə ediblər. Fondun İcraçı direktoru tərəfindən təqdim edilən bayram proqramı Müşahidə Şurasının üzvləri tərəfindən məqbul sayılıb. Bayram tədbirlərinin 22 iyul Milli Mətbuat Günündə səhər saat 8.00-da Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin və milli mətbuatın yaradıcısı Həsən bəy Zərdəbanin məzarının ziyarəti ilə başlanması qərara alınıb. Bundan sonra Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün tikilmiş binanın açılış mərasimi keçiriləcək. Bayram şənlikləri axşam saatlarında "Min Bir Gecə” İstirahət Mərkəzində müsabiqə qalibi olmuş jurnalistlərə mükafatların təqdim olunması ilə davam edəcək.



KİVDF-nin mətbuat xidməti